Dekabrın 1-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə görkəmli alimin “Seçilmiş əsərləri”nin 11 və 12-ci cildlərinin, “Azərbaycanda və İraqda bayatlar” və “Xilaskarlar” (fars dilində) kitablarının, habelə Sərvaz Hüseynoğlunun “Ömrün Qəzənfər Paşayev modeli” kitabının təqdimatı olub.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Qəzənfər Paşayevin zəngin elmi axtarışlarından danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar yubilyarın İraq türkmən folklorunun tədqiqi və təbliği sahəsində müstəsna xidmətlərindən bəhs edib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli yubilyara nazirlik tərəfindən təsis olunan “Şuşa-270” döş nişanını təqdim edib.

Tədbirdə daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri professor Qənirə Paşayeva, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı və başqaları çıxış edərək Qəzənfər Paşayevin ədəbiyyatşünas, folklorşünas, dilçi, yazıçı və tərcüməçi kimi çoxşaxəli fəaliyyətindən söz açıblar.

Bildirilib ki, onun yazdığı “Altı il Dəclə-Fərat sahillərində” əsəri müəllifinə böyük şöhrət gətirib. Həmçinin alim Azərbaycan bayatları haqqında ilk ciddi tədqiqat əsəri yazıb.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Professor Qəzənfər Paşayev” adlı elektron məlumat bazası təqdim olunub.

Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, həmçinin bütün iştirakçılara təşəkkürünü bildirib.

Sonda iştirakçılar Milli Kitabxananın fondundan professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar.