Dövlət Teatr Muzeyində elmi-praktiki konfrans

 

Mədəniyyət müəssisələrində “Şuşa İli” çərçivəsində tədbirlər davam edir. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Milli mədəniyyətimizin Şuşa salnaməsi” adlı elmi-praktiki konfrans keçirilib.

Tədbiri muzeyin direktoru Sevinc Mikayılova açıb. Sonra Qarabağ və Şuşa mövzusuna aid muzey eksponatları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Konfransda sənətşünaslıq doktoru, professor Aydın Talıbzadə “Dilin tanıtdığı müqəddəs Şuşa – semantik rekonstruksiya”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova “Şuşa musiqiçilərinin irsi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin interpretasiyasında”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mərziyyə Nəcəfova “Azad Şuşa obrazı – vətənpərvərliyin və milli qürurun poetik ifadəsi” mövzularında çıxış ediblər.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Zeynalovanın “Koroğlu, Qaçaq Nəbi və Osmanlı paşalarının obrazları Şuşada toxunmuş Qarabağ xalçalarında”, Xəzər Universitetinin müəllimi Mədinə Karahanın “Əhməd bəy Ağaoğlu şəxsiyyət kimi”, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyiblinin “Qarabağda aşkarlanmış muzey sərvətlərində erməni saxtakarlığı”, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun “Quruçay mədəniyyəti və onun yayılma arealı”, Azərbaycan Dövlət Teatr Muzeyinin böyük elmi işçisi Əli Abuzərovun “Şuşa şəhərinin muzey turizmi potensialı” mövzularında məruzələri də dinlənilib.