Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının (BTA) yeni prezidenti tarix üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü Şahin Mustafayevlə görüşüb.
Şahin Mustafayevi təbrik edən Günay Əfəndiyeva ona yeni və məsuliyyətli vəzifəsində uğurlar arzulayıb.
Fond tərəfindən həyata keçirilən layihələrdən danışan Günay Əfəndiyeva hər iki təşkilatın fəal və məhsuldar fəaliyyətinin türk dövlətləri və xalqlarının daha sıx inteqrasiyasına böyük töhfə verəcəyini vurğulayıb.
Şahin Mustafayev təbriklərə görə təşəkkür edərək, Türk dünyasında akademik fəaliyyəti əlaqələndirən, türk xalqlarının qədim və müasir tarixini, dilini tədqiq edən beynəlxalq təşkilata rəhbərlik etməsinin qürurverici olduğunu bildirib. O, BTA-nın bundan sonra da səmərəli fəaliyyət göstərməsi və Türk dünyası qurumları ilə sıx əməkdaşlıq istiqamətində çalışacağını qeyd edib.
Fond və BTA arasında mümkün birgə layihələr ətrafında söhbət aparılıb.
Beynəlxalq Türk Akademiyası Astana şəhərində yerləşir. Bundan öncə akademiyaya Qazaxıstandan Darhan Kıdıralı rəhbərlik edib.