Bu yaxınlarda Mədəniyyət Nazirliyi və “Söz” ədəbi layihəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı olan şəhid və qazilərin şeirlərindən ibarət “İgidlərin sözü” antologiyasının təqdimatı keçirildi. Sözü və əməli ilə igidlik, ərlik nümunəsi olan, doğma yurdun müdafiəsinə qalxan bu mərd oğulları tanıdıqca, ədəbi nümunələri ilə tanış olduqca qəlbində ülvi arzular, nəcib duyğular gəzdirən Vətən oğullarının şücaəti qarşısında bir daha baş əyməli olursan.

“Qəhrəmanların özü və sözü” rubrikasında şəhid və qazi yazarlarımızın həyatı, döyüş yolu və yaradıcılıqları barədə məlumat verəcəyik.

Bu sayımızda şeirlərinin mayasını Vətən, sevgi və nəciblik təşkil edən şəhid şair, leytenant Murad Nağıyevdən söz açacağıq. Murad elə məktəb yaşlarından vətənpərvərlik hissləri ilə seçilən uşaqlardan olub. Belə olmasaydı, Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul üçün müraciət etməzdi...

Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub. Kiçik yaşlarında ailəsi Bakıya köçür. Bakıxanov qəsəbəsində 271 nömrəli məktəbin 8-ci sinfini bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi liseyə (2011) qəbul imtahanlarında iştirak edir və yüksək nəticələr göstərdiyinə görə Türkiyəyə, Kuleli Hərbi liseyinə oxumağa göndərilir. Onu da qeyd edək ki, üstün zəkası və riyaziyyatdan yüksək nəticələr göstərdiyi üçün hətta müəllimləri ona “riyaziyyat dahisi” adını vermişdilər. 2015-ci ildə həmin liseyi uğurla başa vuran Murad Ankarada Quru Qoşunları Məktəbinə daxil olur. 2016-cı ildə təhsil ocağını bitirərək Azərbaycana qayıdır və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir. Ömrünün 9 ilini hərb sənətinin sirlərini öyrənməyə həsr edən Murad Nağıyev 2020-ci ildə bu məktəbdən tank bölmə, hissə və birləşmələrinin döyüşə tətbiqi ixtisası üzrə məzun olur. Həmin il N saylı hərbi hissəyə təyinat alır və tank taborunda taqım komandiri vəzifəsində xidmətə başlayır. 19 iyun 2020-ci il tarixində gənc komandirə  “leytenant” hərbi rütbəsi verilir.

Üç ay sonra – 27 sentyabrda Vətən müharibəsi, haqq savaşımız başlanır. Murad da rəhbərlik etdiyi heyətlə Füzulinin Horadiz kəndinin düşməndən azad edilməsində şücaət göstərir, bundan əlavə, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Hadrut qəsəbəsi uğrunda döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvə və zirehli texnikasını məhv edir. Ordumuzun şücaəti qarşısında duruş gətirə bilməyən yağının döyüş texnika və qurğuları, sursatı qənimət kimi götürülür. 

Şəhidin anası Xavər xanım deyir ki, oğlu 9 il hərbi təhsil aldığı üçün uzun illər ondan ayrı düşüblər: “Təhsilini bitirib gələndə çox sevinirdi, nəhayət, sevdiyi peşə üzrə çalışmağa başlayacaqdı.  9 illik təhsilinin müqabilində iki ay xidmət edə bildi. Müharibə başlayan ilk gündən oğlum ön cəbhədə olub. Oğlumun mərdliyindən bütün hərbi hissə danışır”.

Murad oktyabrın 11-də Cəbrayıl rayonu ərazisində döyüş zamanı düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalır. Qəhrəman tankçının şəhid olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülür və o, oktyabrın 20-də Bakıda İkinci Fəxri xiyabanda dəfn olunur.

Murad Nağıyev dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hələ uşaq yaşlarından incəsənətə maraq göstərən Murad müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmişdi. Həmçinin tələbəlik illərindən həm Türkiyə türkcəsində, həm də ana dilimizdə şeirlər qələmə alıb. Şeirləri müəllimləri tərəfindən yüksək qiymətləndirilib və hələ Kuleli liseyində təhsil alarkən, 2015-ci ildə “Mürəkkəbimdir Kuleli” dərgisində  çap edilib. Şəhadətindən sonra isə Muradın şeirləri Avrasiya Yazarlar Birliyinin orqanı “Qardaş qələmlər” jurnalında və Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Bu il şəhid şairin şeirləri və yaxınlarının xatirələrindən ibarət “Murad” adlı kitab da ərsəyə gəlib.

Şəhid Murad Nağıyev təkcə döyüş meydanında deyil, söz meydanında ad qoyan şəhidlərimizdəndir. Sonda şəhid şairimizin türkcə qələmə aldığı “İstanbul və həyat” şeirini təqdim edirik:

Yeni bir gün başlat hayatta.
Sabah güneş kendini göstermeye başlar,
Sonsuz ufuklarda.
İlk ışıklar akseder deniz üstünde.

 

Öylece izlemeye başlarsın güneşin doğuşunu,
Sonra dayanamazsın bu güzellik karşısında,
İçini bir ferahlık kaplar.
Yüzün güler, hayran kalırsın bu eşsizliğe.

 

Her şey uçuverir aklından,
Kilitlenip kalırsın bu manzaraya,
Ama uzun sürmez bu güzellik,
Hayat gibi güzel görünür ilk başta.

 

Ve bitti artık bu doyumsuz güzellik,
Acı vermeye başlamıştır çok sevdiğin ışıklar.
Gözlerin kamaşır, dayanamazsın, bakamazsın,
Sonra yüzün yanmaya başlar.

 

Bir tokat yemiş gibi yüzün yanar,
Evet bir tokat, hayattan yediğin bir tokat.
Ne tuhaf, değil mi?
İlk önce aldanıp sonra yanmak.

Lalə Azəri