Rauf Hacıyevin 100 illik yubileyinə həsr edilən festival çərçivəsində paytaxtın baş səhnəsində konsert təqdim olundu

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, SSRİ Xalq artisti, ictimai xadim Rauf Hacıyevin (1922-1995) 100 illiyinə həsr edilmiş festival keçirilir. 3-27 dekabr tarixlərini əhatə edən "Rauf Hacıyev 100" Musiqi Festivalının konsert və tamaşaları Bakı və Gəncə şəhərlərində gerçəkləşir.

Dekabrın 3-də festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində bəstəkarın “Qafqazlı qardaşqızı” operettası nümayiş olunub.

Festival çərçivəsində dekabrın 6-da Heydər Əliyev Sarayında “Bu həyat qədər...” adlı estrada-caz konserti təqdim olundu.

Konsert Rauf Hacıyevin Üzeyir Hacıbəylinin 100 illiyinə həsr olunan “Ordan-burdan” musiqili komediyasından musiqi parçalarının səsləndirilməsi ilə başlandı. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı estrada-simfonik orkestrinin (dirijor: Əməkdar artist Vasif Axundov) ifası zamanı böyük ekranda bəstəkarın həyat və yaradıcılığının unudulmaz anlarını əks etdirən fotolardan ibarət slayd-şou nümayiş olunurdu. 

Sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə bəstəkarın “Bənövşə” əsərini Əməkdar artist Nərgiz Kərimova təqdim etdi.

Rauf Hacıyevin yaradıcılığında mahnı janrı aparıcı yer tutur. Xüsusilə bəstəkarın vokal, estrada-caz üslublu mahnıları bütün nəsillər tərəfindən sevilərək dinlənilir. Xalq artisti Salman Qəmbərovun pianoda müşayiəti ilə Xalq artisti Azər Zeynalovun ifasında “Leyla”, “Qaya” Dövlət Ansamblının təqdimatında “Ceyran” mahnıları gecəyə rəng qatdı. Əməkdar artistlər Zaur Əmiraslanov, Bəyimxanım Vəliyeva, Afaq Abbasova, eləcə də gənc ifaçıların bəstəkarın kinofilmlərə, teatr tamaşalarına yazdığı musiqiləri sevə-sevə, şövqlə səsləndirmələri də tamaşaçıların könlünü oxşadı. Əməkdar artist İsfar Sarabskinin bəstəkara həsr etdiyi kompozisiya da maraqla qarşılandı.

Bəstəkar 10-dan çox filmə (“Əhməd hardadır?”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür” və s.) yaddaqalan musiqilər yazıb. Gecə boyu gənc müğənnilərin ifasında bu ekran əsərlərindən musiqilər səsləndikcə zal tamaşaçıların alqışlarına qərq olurdu. Konsertdə gənc estrada-caz ifaçılarına geniş meydan verilmişdi. Diana Hacıyeva, “H3” kollektivi, Vasif Rzasoy və “Axmedovski” triosunun çıxışları maraqla qarşılandı.

Böyük ekranda bəstəkarın musiqi müəllifi olduğu filmlərdən kadrlar tamaşaçıların kino yaddaşını təzələdi, nostalji duyğular yaratdı.

Festival konserti Rauf Hacıyevin vaxtilə Rəşid Behbudovun səsində dünyanı dolaşan möhtəşəm musiqili “Azərbaycan” mahnısı ilə yekunlaşdı.