Dekabrın 6-da ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun II Fəxri xiyabanda məzarı ziyarət edildi.

Mərasimdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri iştirak edirdi.

Sənətkarın oğlu – görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanov qeyd etdi ki, Əhməd Bakıxanov daim yaradıcılıq axtarışında olub, Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib: “Tar ifaçılarının böyük bir nəsli Əhməd Bakıxanovun yetirmələri olub. Mən də oğlu kimi onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun” və “Rahab” simfonik muğamlarını bəstələmişəm. Bildiyiniz kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu münasibətlə ölkəmizin bir sıra mədəniyyət ocağında tədbirlər keçirilir. Atamın yaradıcılığına göstərilən yüksək diqqətə görə dövlət başçımıza təşəkkürümü bildirirəm”.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev bildirdi ki, muğam bizim ana laylamızdır. Əhməd Bakıxanov da bütün ömrünü muğama, onun inkişafına və tədrisinə sərf edib: “Azərbaycanda Mirzə Fərəc Rzayev, Mirzə Sadıq, Mirzə Mansur Mansurov və başqaları kimi çox tanınmış tar ifaçıları olub. Amma bu sənətkarların içərisində təkcə Əhməd Bakıxanova qismət olub ki, ona müəllim deyiblər. Mən xoşbəxt insanam ki, Əhməd Bakıxanovun sinfində oturub onun dərslərinə qulaq asmışam”.

Qeyd olundu ki, sənətkarın Azərbaycan Radiosu nəzdində yaratdığı Xalq çalğı alətləri ansamblı Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov kimi bir sıra görkəmli xanəndələri müşayiət edib.

Çıxışlardan sonra mərasim iştirakçıları sənətkarın məzarı üzərinə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.

Nurəddin