Dekabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Musiqi Həvəskarları Klubu”nda tanınmış qarmon ifaçısı Vaqif Əliyevlə (“Segah Vaqif”) görüş keçirildi.

Tədbiri muzeyin direktor müavini Təranə Zeynalova açaraq əvvəlcə Azərbaycanda qarmon ifaçılığı tarixindən danışdı. Bildirdi ki, qarmon Azərbaycan xalq çalğı alətləri arasına daxil olduqdan sonra instrumental ifaçılıqda özünə mövqe qazanır. Təsadüfi deyil ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqisi aləti kimi qəbul olunur. Təranə Zeynalova sonra tanınmış qarmon ifaçısından söz açdı. Qeyd etdi ki, Vaqif Məhərrəm oğlu Əliyev gənc ikən fitri istedadı sayəsində sənətin sirlərinə yiyələnib, milli musiqimizin təbii rəngləri və əsrarəngiz səslərini bütün gözəllikləri ilə xalqa çatdırıb. İfası dinləyici və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bu gün Vaqif Əliyevin 60 yaşı tamam olur. Onun keçdiyi ömür və sənət yolunu öz dilindən eşidək.

Tanınmış qarmon ifaçısı həyat və sənət yolundan danışdı. Qeyd etdi ki, 1961-ci ildə Bakıda dünyaya göz açıb. Valideynləri Ağdamın Abdal Gülablı kəndindəndir. Atası balaban, dayısı isə qarmon ifaçıları olub: “Onlar tez-tez məşq edərdilər. Mən isə o səsləri yaddaşıma köçürərdim. 6-7 yaşım olanda valideynlərimdən xahiş etdim ki, mənə qarmon alsınlar. Mənə balaca bir qarmon aldılar. Bir gün dayım bizə gəlmişdi. İfama qulaq asdı və bəyəndi. Sonra mənə “Kazan” qarmonu aldılar.  Bakıxanov qəsəbəsindəki musiqi məktəbində təhsil almağa başladım. Sonra sənətə olan sevgim sayəsində Azərbaycan İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirdim. Bir müddət böyük sənətkarımız Əlibaba Məmmədovun “Hümayun” ansamblında, sonra məşhur xanəndə Səxavət Məmmədovla çiyin-çiyinə “Qarabağ” instrumental ansamblında çalışdım…”.

Bəs, görəsən, qarmon ifaçısına niyə “Segah Vaqif” deyirlər? Yubilyar buna da aydınlıq gətirdi: “Segah” nəfəsim, canımdır. “Segah”ın vətəni Qarabağdır. Qarabağ dərd və kədərimizi “Segah”la bölüşürəm…”.

Tədbirdə daha sonra Xalq artistləri Gülyaz Məmmədova, Teyyub Aslanov, Malik Mansurov Əməkdar artistlər Firuz Səxavət, Təhmiraz Şirinov, Azad Şükürov, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Əməkdar müəllim Qəzənfər Abbasov, şairlər Allahverdi Qiyaslı, Abdal Qəhrəman  və başqaları çıxış edərək yubilyarı təbrik etdilər. 

Çıxışlar arasında xalq və bəstəkar mahnıları səsləndirildi. Yubilyara həsr edilən şeirlər oxundu. 

Savalan Fərəcov