Xəbər verdiyimiz kimi, görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi keçirilib.
28 noyabr – 2 dekabr tarixlərini əhatə edən layihədə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Gəncə, İsmayıllı regional mədəniyyət idarələrinin tabeliyindəki uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin xor dirijorluğu, xanəndəlik və qanun ixtisasları üzrə müəllimləri iştirak ediblər.
Layihənin məqsədi Mədəniyyət Nazirliyi sisteminə daxil olan bədii təhsil ocaqlarında tədrisin səmərəliliyinin daha da artırılması, müəllimlərin peşəkarlığının yüksəldilməsi, təlim prosesinin müasir standartlar əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən daha yaxşı mənimsənilməsini təmin etməkdən ibarət olub.
Xanəndəlik ixtisası üzrə ustad dərsləri Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar müəllim Qəzənfər Abbasov və Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin müəllimi Kəmalə Cahangirova tərəfindən aparılıb.
Musiqi məktəblərinin xanəndəlik, xor dirijorluğu və qanun müəllimləri üçün xor dirijorluğu ixtisası üzrə partitura oxunuşu, xorun və dərsin təşkili, musiqi təhlili, ifa növləri və s. dərslər keçirilib. Xanəndəliklə bağlı ustad dərsində xalq və bəstəkar mahnılarının ifası, tədris proqramı, qanun dərsində isə verilən əsərin alətdə üzdən oxunması (üzdən ifası) və əzbər ifası, alətin yaranması və inkişaf tarixi, ixtisasın metodikası və metodologiyası, ifaçılıq mədəniyyəti və s. haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, ustad dərslərində xanəndəlik ixtisası üzrə 31 nəfər, xor dirijorluğu üzrə 61, qanun ixtisası üzrə isə 20 nəfər müəllim iştirak edib. Aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri öz çıxışları ilə ustad dərslərinə rəng qatıblar.