Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

227 il əvvəl...

9 dekabr 1795-ci ildə general Savelyevin başçılıq etdiyi çar Rusiyası qoşunları Dərbənd istiqamətində Azərbaycan ərazisinə soxulublar. Ruslar bir ay ərzində Gəncəyədək irəlilədikdən sonra geri qayıdıblar. 1796-cı ilin yazında general V.Zubovun başçılığı altında rus qoşunları Dərbəndi ələ keçirdilər. Bu, Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalına (1801-1828) hazırlıq yürüşləri idi.

 

192 il əvvəl...

11 dekabr 1830-cu ildə Polşada çar Rusiyasının müstəmləkəçiliyinə qarşı üsyan başlayıb. XVIII əsrdə Reç Pospolita (Polşa Krallığı) Rusiya və Almaniya tərəfindən bölüşdürüləndən sonra ölkənin əsas hissəsi Rusiyanın nəzarətinə keçmişdi. 1831-ci ilin yanvarında Seym (Polşanın formal qanunverici orqanı) ölkənin Rusiya tabeçiliyindən çıxması barədə qərar qəbul etdi. Çar I Nikolay Polşaya qoşun dəstələri göndərdi və 1831-ci ilin may-avqustunda üsyan qan içində boğuldu. Həmin ilin sentyabrında Polşanın Rusiya tərkibində nisbi muxtariyyəti də ləğv edildi.

 

124 il əvvəl...

10 dekabr 1898-ci ildə Parisdə İspaniya-ABŞ müharibəsinin yekunlarına dair sülh sazişi imzalanıb. Sazişə əsasən, İspaniyanın Sakit okean və Karib hövzəsindəki müstəmləkələri – Kuba, Puerto-Riko, Quam, Filippin ABŞ-nin nəzarətinə keçdi. Birləşmiş Ştatlar bu ərazilərin əvəzində İspaniyaya o vaxtın pulu ilə 20 milyon dollar ödədi.

 

121 il əvvəl...

10 dekabr 1901-ci ildə ilk Nobel mükafatları laureatlara təqdim edilib. Stokholmda İsveç Kralı tərəfindən fizika (Konrad Rentgen, Almaniya), kimya (Yakob Hendrik Van Qoff, Niderland), biologiya (Emel Adolf Berinq, Almaniya), ədəbiyyat (Fransua Arman Sülli-Prüdom, Fransa) üzrə mükafatları, Osloda isə Norveç Kralı tərəfindən Nobel sülh mükafatı (“Qızıl xaç” hərəkatının banisi Anri Jan Dünan (İsveçrə) və fransız Frederik Passi) təqdim olunub.

 

108 il əvvəl...

9 dekabr 1914-cü ildə Birinci Dünya müharibəsi gedişində Rusiya və Osmanlı qoşunları arasında ilk irimiqyaslı toqquşma – Sarıqamış döyüşü başlanıb. 5 yanvar 1915-ci ilədək davam edən döyüşdə türk qoşunlarının məğlubiyyəti rus qoşunlarının həmin il ölkənin şimal-şərq bölgələrini işğal etməsinə imkan yaratdı.

 

74 il əvvəl...

9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyası “Genosid cinayətləri və onun cəzalandırılması haqqında” beynəlxalq konvensiya qəbul edib. Konvensiya soyqırımı cinayətlərinə qarşı qəbul edilən ilk beynəlxalq sənəddir.

10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının sessiyasında “İnsan haqları haqqında Bəyannamə” qəbul olunub. Bəyannamə insan hüquq və azadlıqları sahəsində beynəlxalq səviyyəli ilk fundamental sənəddir. 10 dekabr dünyada İnsan Haqları Günü kimi qeyd olunur.

 

31 il əvvəl...

9 dekabr 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Dakarda (Seneqal) keçirilən sammitində Azərbaycan Respublikası üzvlüyə qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi.

11 dekabr 1991-ci ildə Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. İki ölkənin diplomatik əlaqələri 1992-ci il iyunun 21-də quruldu.

 

30 il əvvəl...

10 dekabr 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunun sərhədyanı kəndlərinə hücum edib. Üç gün davam edən hücum nəticəsində 10-a yaxın kənd işğal olunub. 1993-cü ildə Ermənistan tərəfindən tamamilə işğal olunan rayonun ərazisi 2020-ci ilin Vətən müharibəsində azad edildi.

 

28 il əvvəl...

10 dekabr 1994-cü ildə Rusiyanın federal qoşun hissələri Çeçenistan ərazisinə daxil olub. Birinci Çeçenistan müharibəsi başlanıb. Rusiyanın müdafiə naziri Pavel Qraçov Kremli əmin etmişdi ki, dekabrın sonunadək Çeçenistandakı qanunsuz hərbi birləşmələr məhv ediləcək və bölgə tamamilə federal nəzarətə alınacaq. Lakin müharibə 1997-ci ilədək davam etdi. 1997-ci ildə Çeçenistan müharibəsində atəşkəs əldə edildi, Moskva Mashadov hökumətini tanıdı. Amma atəşkəs iki il sürdü və 1999-cu ilin sentyabrında ikinci Çeçenistan savaşı başlandı.

Hazırladı: V.Orxan