Aprelin 20-də Latın Amerikasının ən iri mədəniyyət və nəşriyyat tədbirlərindən olan 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası (La Feria Internacional del Libro de Buenos Aires) işə başlayıb. Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata görə, ölkəmiz bu il ilk dəfə olaraq Buenos-Ayresdəki kitab yarmarkasında öz stendi ilə iştirak edir. Səfirliyin təşkilatçılığı ilə milli memarlıq ənənələrinə uyğun qurulmuş “Azərbaycan” stendində ölkəmizin tarixinə, mədəniyyətinə, incəsənətinə, mətbəxinə, ölkənin müasir durumuna, davamlı inkişaf prosesinə, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına aid müxtəlif dillərdə kitab, jurnal və digər nəşriyyat vasitələri nümayiş etdirilir. Stenddə Azərbaycan mədəniyyətini və ənənələrini əks etdirən suvenirlərdən ibarət guşələr yaradılıb, müvafiq film və çarxların nümayişi üçün ekranlar quraşdırılıb.
   45,5 min kvadrat metrlik sahədə təşkil olunan Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasını hər il 1 milyondan çox müəllif, yazıçı, şair, tədqiqatçı, tərcüməçi, oxucu və s. ziyarət edir. Bu il yarmarkaya öz stendi ilə 1300-dən artıq iştirakçı qatılıb. Yarmarka mayın 9-da başa çatacaq.