Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli İncəsənət Muzeyi Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev 6 dekabr 2022-ci ildə, 62 yaşında vəfat edib.
Toğrul Əfəndiyev 1 yanvar 1960-cı ildə Bakıda tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyevin ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 1982-1988-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Elmi araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
1986-cı ildə “Azərbaycan incəsənətində təsviri motivlər (VII-XV yüzilliklər)” mövzusunda namizədlik dissertasiyası (fəlsəfə doktorluğu) müdafiə edən T.Əfəndiyev çoxsaylı elmi məqalələrin müəllifi, Azərbaycan mədəniyyət və incəsənətini beynəlxalq arenada təmsil edən bir sıra sərgi, festival və təqdimatların təşəbbüskarı, təşkilatçısı və iştirakçısı olub. O, Azərbaycan kəlağayı sənətinin UNESCO-da “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na salınması üçün nominasiya faylının hazırlanmasında yaxından iştirak edib.
Toğrul Əfəndiyev 2017-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvü idi.
Allah rəhmət eləsin.