Kütləvi turist səfərləri Şuşadan başlayacaq
Qarşımızda duran ən mühüm vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir. Qəhrəman Ordumuzun döyüşərək geri qaytardığı torpaqlarda insanlarımızın yaşayışını təmin edəcəyik və turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq. Bu yöndə bir neçə layihənin icrasına başlanılıb.
Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bu fikirləri dekabrın 8-də Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2022”də çıxışı zamanı deyib.
DTA sədri diqqətə çatdırıb ki, bu ilin mart ayında Suqovuşanda Azərbaycan Prezidentinin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri keçirilib. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub. Şuşa şəhəri və Daşaltının, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb və müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib. Yaxın günlərdə Şuşaya turizm məqsədli səfərlərin təşkili üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur.
DTA sədri bildirib ki, turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılması nəzərdə tutulur. Turizm sektorunda tənzimlənməni inkişaf etdirmək üçün yerlərdə mehmanxanalara münasibətdə ulduz tələbi, turizm şirkətlərinə münasibətdə mülki məsuliyyət sığortası mexanizmi tətbiq olunacaq.