Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov Dünya Turizm Təşkilatının təşkilatçılığı ilə Andorra Knyazlığında keçirilən VII Dünya Konqresinin iştirakçısı olub. ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Andorranın La Massano şəhərində gerçəkləşən “Qar və dağ turizmi: müvəffəqiyyət üçün yeni strategiyalar” mövzusunda konqresə dünyanın 30 ölkəsindən 4 nazir, nüfuzlu turizm müəssisələrinin nümayəndə və ekspertləri qatılıb. İki gün davam edən tədbirdə informasiya-kommunikasiya texnologiyaları əsasında dağ turizminin inkişaf strategiyası, yay mövsümü üçün nəzərdə tutulan məhsul və xidmətlərin yeni çeşidlərinin təqdim olunması və s. mövzular müzakirə edilib. Tədbirin son günündə Valnorda xizək kurortunda keçirilən mədəni tədbir də bütün iştirakçıların marağına səbəb olub.
   Qeyd edək ki, İspaniya və Fransa ilə həmsərhəd kiçik dövlət olan Andorrada qış turizmi geniş inkişaf edib. Əhalisinin sayı 90 min nəfər olan ölkəyə hər il milyonlarla yaxın turist gəlir.

  Fəxriyyə Abdullayeva