Türkiyənin «Summer Tour» şirkətinin Azərbaycanın ali məktəblərinin turizm ixtisasları üzrə təhsil alan tələbələri arasında yay tətilini Türkiyə hotellərində təcrübə keçmək məqsədilə təşkil etdiyi müsabiqəyə yekun vurulub.
   
   Bu barədə məlumat verən Azərbaycan Turizm Assosiasiyası (AZTA) sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, müsabiqə AZTA ilə «Summer Tour» şirkətinin ölkəmizdəki rəsmi nümayəndəsi olan «Era Style» arasında əldə edilmiş razılaşma əsasında aparılıb.
   Müsabiqə iki mərhələdə keçirilib. Nəticədə müsabiqəyə müraciət etmiş 35 tələbədən 12 nəfər seçilib. Bu zaman tələbələrin xüsusilə dil bilgiləri, oxuduqları ixtisasa yiyələnmə səviyyələri nəzərə alınıb: «Tələbələr Azərbaycan Turizm İnstitutundan, Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Dövlət Universitetinin turizm fakültələrindən seçilib. Onlar Bodrum, Antalya, Quşadası kimi bölgələrdə təcrübə keçəcəklər. Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, təcrübə zamanı tələbələr hotel biznesində, ekskursiya məsələlərində geniş təcrübə qazanacaqlar. Gələcəkdə layihənin davamı olacaq, təcrübəyə göndəriləcək tələbələrin sayı da artacaq”.
   AZTA təmsilçisi bildirdi ki, tələbələrin nəqliyyat, qalmaq və yemək xərcləri «Summer Tour» şirkəti tərəfindən ödənilir. Təcrübə müddəti iyunun 1-dən sentyabrın 1-nə qədərdir. Tələbələr 2 həftəlik treninqlərdən sonra müxtəlif hotellərdə işə başlayacaqlar və gördükləri işin müqabilində aylıq məvacib də alacaqlar.
   M.Agakərimovun sözlərinə görə, təmsil etdiyi qurumun hotel biznesi sahəsində həyata keçirdiyi daha bir layihə Azərbaycanda fəaliyyət göstərən 4 və 5 ulduzlu hotellərin rəhbərlərinin ATİ tələbələrinə mühazirə oxuması ilə bağlıdır: “Turizm İnstitutu ilə başladığımız layihədə artıq «Gilan Tourism» şirkətlər qrupunun rəhbəri Xəlil Duru, “C Group”un rəhbəri Serhat Baş mühazirə oxuyublar. Növbəti mərhələdə isə «Avropa», «Ramada», «Qafqaz Point» hotellərinin rəhbərləri öz təcrübələrini ATİ tələbələri ilə bölüşəcəklər».
   AZTA təmsilçisi bildirdi ki, layihə bir neçə mərhələdə reallaşdırılacaq. Hotellərin baş menecerlərindən əlavə, kadrlar şöbələrinin müdirləri də növbəti mərhələdə ATİ tələbələrinə mühazirə oxuyacaqlar.

  Fəxriyyə Abdullayeva