Aprelin 20-dən 22-dək Polşanın paytaxtı Varşavada “LATO Fair 2012” beynəlxalq turizm sərgisi keçirilib. Azərbaycan bu sərgidə ilk dəfə iştirak edib. Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizdə fəaliyyət göstərən “The Tour”, “Millennium Tourism and Congress DMC ”, “Geo Travel” turizm şirkətləri, həmçinin “Gallery hotel” mehmanxanası sərgidə xüsusi stenddə təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülən 24 kvadratmetr sahədə Azərbaycanın turizm potensialını əks etdirən reklam-çap məhsulları sərgilənib. Sərgi iştirakçıları və ziyarətçilər ingilis dilində hazırlanmış müxtəlif çeşiddə CD-lər, broşürlər və s. təmin olunub.
Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, “LATO Fair 2012” sərgisinin açılış mərasimindən sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Azərbaycan stendini ziyarət edib. Həmçinin Polşa Respublikasının Turizm Palatasının sədri A.Giertlerlə bu ölkədə Azərbaycan turizminin təbliğatı ilə bağlı görüş keçirilib.
Fəxriyyə Abdullayeva