Qaynar mədəni hadisələrlə zəngin noyabr ayı həm də “4.4” Qısa Tamaşalar Festivalı ilə yadda qaldı. Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə 25-30 noyabr tarixlərini əhatə edən teatr bayramı tamaşa nümayişləri, səhnə yarışlarıyla yanaşı, bu sahənin inkişaf məsələlərin təhlili üçün də yaxşı fürsət idi.

Artıq ikinci dəfə baş tutan festival paytaxt teatrları ilə bərabər, bölgə teatrlarını da hərəkətə gətirə bildi. Hətta budəfəki festivalda ilk dəfə olaraq üç kukla teatrı iştirak edirdi ki, onun da ikisi bölgələrin payına düşürdü. Bölgədən gələn 5 tamaşadan yalnız 1-i – Gəncə Dövlət Kukla Teatrının “Dərdlərimin çamadanı”  monotamaşası “münsiflərin rəğbəti” nominasiyasında qalib oldu. Amma bütünlükdə maraqlı, kifayət qədər iddialı nümunələr də var idi.

Xalqımızın haqq savaşındakı qalibiyyətini səhnə əsərlərində yaşatmaq, Azərbaycan teatr tarixində əbədiləşdirmək, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək, gənc istedadları üzə çıxarmaq məqsədi daşıyan festivalda mövzu sərbəstliyi və rəngarəngliyi daha çox diqqət çəkdi.

 

Torpaq arzusu

 

Başlayaq Qusar Dövlət Ləzgi Dram Teatrının “Poni” adlı absurd dram tamaşasından. Qazax dramaturqu Murat Kolqanatın müəllifi olduğu (tərcümə: Mehman Fətullayev) əsərə Əliyar Əliyev quruluş verib. Rolları Namiq Mustafayev, Tofiq Mustafayev, Mətləb Mahirov, Kəmalə Səfərova, Samir Babayev və Elnur Hacıyev ifa edirdilər.

Taxta at çapan Poni adlı ruhi xəstədən bəhs edən tamaşada biz insan münasibətlərinin ən son nöqtələrindəki mücadiləni görürük. Tamaşada Ponini əhatə edən ruhi xəstə qadın, 1-ci və 2-ci kişi, Müdrik kişi və s. insanlar var. Əsas mövzu insanların mənəvi azadlıq, ev və torpaq uğrunda mübarizəsidir. Poni çox şeyə uşaq sadəliyi ilə yanaşır, hətta ağacda qoca kişinin yaşamasına, budaqlarda ruhların dolaşmasına inanır.

Əsərin əsas qəhrəmanlarından biri də “O”dur, yəni Birinci kişi. Onun ömrü boyu torpağı və evi olmayıb. “O” 2-ci kişidən kömək istəyir. Torpaq, ev və mənəvi azadlıq uğrunda mübarizə aparmağı qarşılarına məqsəd qoysalar da, bu, heç bir nəticə vermir. Əsərin sonunda atəş səsi eşidilir və məlum olur ki, “O” intihar edib. Onun cibindən əskiyə bükülmüş bir ovuc torpaq tapırlar – heç vaxt sahib ola bilmədiyi torpaq...

44 dəqiqəlik tamaşada insanların hərisliyi nəinki arzuları, hətta zaman-zaman uğrunda mübarizə apardıqları nəsnələrin birdən-birə əhəmiyyətsiz olduğuna işarə edilir.

 

Lənkərandan gələn “Qanlı namə”

 

Lənkəran Dövlət Dram Teatrının “Qanlı namə” (tarixi-psixoloji dram) tamaşasını hələ məşq prosesindən maraqla gözləyirdim. İlqar Fəhminin müəllifi olduğu qarmaqarışıq hadisələrin təmas yeri olan əsərə səhnə yozumunu teatrın gənc rejissoru Tərlan Abdullayev verib. Səhnə işinin rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

İfaçılara gələndə, tamaşanın yükünü Emil Rzayev, Səyad Əliyev, Sucəddin Mirzəyev, Gülər Kərimova, Arif Xalıqverdiyev və Rauf  Zeynalov çəkirdi.

Hələ doqquz yaşında olarkən anası gözlərinin qarşısında öldürülən birinci Şahzadə Abbası Xorasan dağlarına sürgün edirlər. O, kiçik bir qəsrdə süd qardaşı Sadiq bəyin nəzarəti altında böyüyür. Süd qardaşı onun hakimiyyətə gəlməsi üçün yollar axtarır. Amma Şahzadə Abbas ona və anasına edilən bu amansızlığı heç vaxt unuda bilmir, daim qətlə yetirilmək qorxusu ilə yaşayır, qarabasmalardan qurtula bilmir. Bir gün uzun müddət yanından ayrıldığı lələsi ona atası Kor Məhəmmədin möhürlü naməsini gətirir və beləcə, onun tac-taxta yolu açılır. Amma bu səltənətə gedən yolda lələsini də, elə süd qardaşını da qurban verən şahzadə sonda amansız bir hökmdarlığa yol alır...

Qarışıq və ən əsası da insan hissləri üzərində manipulyasiya ilə ağırlaşmış əsərin səhnə yozumu da tamaşaçı üçün açıq suallar yaratdı. Amma ümumilikdə tamaşanın, daha doğrusu, aktyorların energetikası, dinamik həll və oyun içində formalaşmış üslub diqqəti cəlb edə bildi.

 

“Tənhalığın evi”ndə olanlar və olmayanlar...

 

Subyektiv səslənsə də, mənə görə, ən cəsarətli və maraqlı nümunə məhz Füzuli Dövlət Dram Teatrının gətirdiyi “Tənhalığın evi” ekzistensial tragikomediyası idi. Tamaşanın müəllifi Abdulla Elşadlı, rejissoru Nicat Mirzəzadədir.

Bu məzmunlu və qeyri-adi (tamaşanın bölgə teatrından, xüsusən də məhdud imkanlarla hazırlandığını nəzərə alsaq) tərtibatlı tamaşanın ölüm gözləyən, hətta Tanrının belə unutduğu, daha doğrusu, özlərinin də özlərini unutduğu qəhrəmanlarının səhnə ifadəçiləri Əli Hüseynov, Sehran Xanlarov, Sevinc Məmmədova, Qaçaq Qarayev, Emin Abışov, İntizar Quliyeva, Vüsal Həsənov, Asif Şirinov, Elçin Məmmədov, Vüqar Babayev, Elşən Gözəlov, Şəlalə Nəsirova və Gülgəz Soltanova idi.

Tamaşa bir neçə qocanın düşdüyü psixoloji durumdan və daxili sarsıntılarından bəhs edir. Onlar, əslində, qocalıqdan yox, qocala-qocala məhkum olduqları tənhalıqdan ağıllarını itiriblər. Belə vəziyyətdə ölümü gözləmək ən son və ən ağlabatan üsuldur. Sadəcə, bunun üçün də müəyyən proseslər keçməlidirlər. Bu cismani natarazlıqda onların yeganə təsəllisi və həmdəmləri evlərində saxladıqları müqəvva-kuklalardır. Bu qocalar qorxurlar ki, öldükdən sonra kuklaları kimsəsiz qalar. Odur ki, ölməzdən əvvəl kuklaları dəfn etmək istəyirlər. Düşdükləri bu vəziyyət onların daxili müharibəsidir. Özü də bu mübarizədə onsuz da dərk edə bilmədikləri varlığa uduzurlar.

Biz səhnədə hər şeyin həm var, həm də yox olduğunu görürük. Hə, bir də sonda xurcundan çıxan qırmızı almalarla bizi kimin aldadıb, kimin fənasına qurban getdiyimizə şüuraltı təfsir verilir...

 

“Dərdlərimin çamadanı”ndan çıxanlar...

 

Keçək Gəncə Dövlət Kukla Teatrının “Dərdlərimin çamadanı” adını verdiyi monotamaşasına. Hafiz Ataxanlının müharibə və Zəfər mövzusunda qələmə aldığı təsirli nümunəyə Fərmail Paşayev quruluş verib. Sadə tərtibatlı, daha doğrusu, bir çamadanlıq dekorlu tamaşanın rəssamı Məhəmməd Hacıyev, musiqi tərtibatçısı Şamil Məmmədlidir.

Kukla teatrının bundan əvvəl də uşaq və kukla tamaşalarında gördüyüm istedadlı aktrisası Zülfiyyə Əliyeva təxminən 40 dəqiqə müharibə və onun insan taleyindəki izlərini ustalıqla, özü də sadə və səmimi təsir vasitələri ilə hər kəsə ötürə bildi.

Mövzu, süjet ixtiyari savaşda yara almış qarabağlı, şuşalı bir ailənin qızının xatirələrinə bələnib: Şuşadan məcburi köçkün düşmüş 12 yaşlı qız öz həyat hekayəsindən bəhs edir. Beş nəfərlik xoşbəxt ailəsindən yalnız o sağ qalır. Doğmalarını itirən qız onların əşyalarını xatirə olaraq çamadana toplayır və illər uzunu özü ilə gəzdirir. Ən böyük təsəllisi çamadanında gəzdirdiyi əşyalardır. 30 il qatarlarda, qarğı ilə hörülmüş evlərdə çətin və məşəqqətli ömür yaşayır. Nəhayət, Gəncəyə gəlir. Burada ali təhsil alır. Növbəti zərbəni Gəncəyə atılan raketlər zamanı, İkinci Qarabağ savaşı zamanı alır. Dağıntılar altında qalan körpələri görəndə 30 il əvvələ qayıdır. Yaraları yenidən göynəməyə başlayır.

Qəhrəman xəyallarında həmişə doğma Şuşaya yollar çəkir və bir gün onun xəyalları gerçəkləşir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu Şuşanı işğaldan azad edir. Sevincini hər kəslə bölüşən və bir göz qırpımında 12 yaşına qayıdan qız sonda hamıya “Sizə Şuşadan nə gətirim?” sualını verir.

 

“Sülh naminə birləşək”

 

Festivalda tamaşa-kompozisiya ilə çıxış edən və bununla cəsarət nümayiş etdirən Salyan Dövlət Kukla Teatrının “Sülh naminə birləşək” (pantomim) səhnə aktı da zərif idi. Nümunənin müəllif və rejissoru Laləzər Hüseynovadır.

Dünyanı sülhə səsləyən 12 dəqiqəlik aktda səhnədə Mədinə Ramazanova, Maytab Gözəlova, Mirxədicə Mirzəyeva, Gülcənnət Hüseynova, Xuraman Qədirova, Aynur Ağalarova, Kəmalə Quliyeva, Röyal Qurbanov, Nahid Rüstəmbəyli, Böyükağa Mehdizadə, Nurlan Məlikov, Gülay Abbasova, Könül İsmayılova, eləcə də könüllülər Aysun Əhmədova, Zəhra Ağayeva, Zülfiyyə Ramazanovanı alqışladıq.

Onlar ağ göyərçinlərə “dönərək” səmada uçaraq rəqs edirlər. Bu zaman Qu quşu və balaları göyərçinləri əvəz edib şən rəqs etməyə başlayırlar. Ova çıxan Şahzadə qu quşlarını görüb oxla vurmaq istəyir. Bala quşlar çox qorxurlar. Ana quş fəryad qoparıb balalarını yanına çağırır. O, qanadlarını açıb ovçuya “Mənim balalarımı vurma, al, bu gözəl qızı sənə verirəm”, – deyir. Qız o qədər gözəl olur ki, Şahzadə ilk baxışdan ona vurulur. Qız da Şahzadəni çox bəyənir və mahnı oxuyub rəqs edir, qu quşları ilə sağollaşıb gedirlər. Bütün quşlar səhnədə rəqs edir və bu zaman əlində Yer kürəsinin maketini tutmuş mavi paltarlı qız səhnəyə daxil olur. Bütün iştirakçılar Yer kürəsinin ətrafında birləşərək dünyada sülh olsun deyə çağırış edirlər...

Əvvəldə də qeyd etdiyim kimi, məsələ festivalda hər hansı yer tutmaq yox, məhz öz potensiallarını, səhnə imkanlarını göstərmək və yeni nəsə öyrənmək idisə, bu mənada hər 5 teatrı qalib saymaq olar...

Həmidə Nizamiqızı