Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil edib.
Məktəb-studiyanın müəllimi musiqişünas, Şəfəq Hacıyeva çıxış edərək Fikrət Əmirovun yaradıcılığı və musiqi mədəniyyətimizə töhfələrindən söz açıb.
Konsertdə bəstəkarın fortepiano üçün “12 miniatür” silsiləsindən “Barkarola”, “Marş”, “Aşıqsayağı”, variasiyalar, I və II ekspromtlar, habelə “Fortepiano və violin üçün ballada”, “Xatirə” əsərləri məktəb-studiyanın şagirdləri Cəmilə Sadıxova, Rauf Bağırzadə, Səid Güləliyev, Şəhla Yusibova, Solmaz Əliyeva, Hüseyn Quliyev tərəfindən ifa olunub.
Əməkdar müəllimlər – məktəb-studiyanın piano ixtisası pedaqoqları Nərgiz Mansurova, Ayişə Əliyeva və Dilarə Salayeva, violin ixtisası üzrə Naira Qulamova, vokal üzrə Ofeliya Axundova, habelə beynəlxalq müsabiqələr laureatları Nuranə Zeynalova, Nəzrin Əmirli, Fəqan Həsənli və zərb alətləri üzrə Firuz Hüseynovun yetirmələri olan şagirdlər dinləyiciləri Fikrət Əmirov dühasının sehri ilə tanış ediblər.
Konsertdə solo nömrələrlə yanaşı, ansambl nümunələri də ifa olunub. Beynəlxalq müsabiqələr laureatları – pianoçu Davud Ağalar və violin ifaçısı Yusuf Məmmədlinin təqdimində “Ballada” dinləyiciləri dahi bəstəkarın melanxolik, duyğulu daxili aləminə aparıb.
Proqramda Fikrət Əmirovun “Laylay”, “Baharımsan”, “Səhər” filmindən Aslanın mahnısı, ilk lirik-psixoloji operamız olan “Sevil”dən Dilbərin ariyası kimi məşhur nömrələr Gülnarə Salmanova, Rafiq Mirzəyev, Emiliya Ağakişiyeva, Etibar Əsgərzadə tərəfindən təqdim olunub.
Sonda məktəb-studiyanın 7-ci sinif şagirdi Məhəmmədəli İbrahimov ksilofonda və 6-cı sinif şagirdi Rüfət Məmmədov marimbada Fikrət Əmirovun “Gözün aydın” musiqili komediyasından rəqsi ifa ediblər.