Xəbər verdiyimiz kimi, 17-18 dekabrda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin premyerası olub.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Kod adı “V.X.A” tamaşası istiqlal şairi, bu il 130 illiyini qeyd etdiyimiz repressiya qurbanı Əhməd Cavadın (1892-1937) xanımı Şükriyyə Axundzadənin və ötən əsrin 30-cu illərində repressiyaya məruz qalmış digər Azərbaycan aydınlarının xanımlarının xatirəsinə həsr olunub.
Səhnə əsərinin müəllifi və tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Vadim Kuskovdur. Tamaşanın plastik həlli Ceyhun Dadaşova məxsusdur.
Tamaşa seyrçini məşum dövrlə, soyuq divarlar arasındakı acı hekayələr, toz basmış arxiv materialındakı insan taleləri ilə üz-üzə qoyur. İki hissədən ibarət, ümumilikdə dörd saat yarım davam edən insanlıq dramı (Azərbaycan teatr tarixində bu janrda ilk böyük səhnə aktı) bütünlükdə o qara, qanlı, əzablı illərin ümumi təhlili üçün mükəmməl cəhddir.
Teatrın, demək olar ki, bütün truppasının məşğul olduğu tamaşanın səhnə və işıq tərtibatı, bir sözlə, texniki həlli möhtəşəmdir. Biz geyimdən işığa uzaq Qazaxıstan çöllərini, siçovullu saxlama kameralarını, vahiməli dindirmə kabinələrini, üfunəti bağıryaran vaqonları, sazağı, şaxtası qandonduran soyuq düşərgələri, hər cür fiziki, mənəvi zorakılığa şahidlik edən kirli islah düşərgələrini bir səhnə həllində, bəlli ölçülü məkanda görə və təsirinə düşə bilirik.
Tarixi faktların hakim olduğu dramda repressiyaya məruz qalıb ləyaqətini qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin timsalında ümumilikdə 26 min qadının məşəqqətli həbs, sürgün həyatına baxa, onların hiss və ağrılarının, həm də inadkarlıqla ölməyən ümidlərinin ağuşunda, təzadlı olsa da, təsəlli tapa bilirik.
Sənədli dram janrında (verbatim) olan səhnə əsərində rejissor gerçək mətnlərə, istintaq materiallarına, real insanların taleyinə əsaslansa da bizə öz müəllif təxəyyülündən süzülüb gələn yanaşmasının təzahürünü də ifadə edə bilir.
Zənnimcə, belə olmasaydı, bu böyüklükdə heyətin ayrı-ayrı oyun nümayişinə, səhnədə tamaşaçı ilə kəsintisiz ünsiyyətinə, ön-arxa plan fərqi olmadan, prosesə üzvi bağlılığına nail olmaq müşkül olardı. Bu mənada səhnə aktının həll prosesində biz tamaşaçı olaraq reallığın çağdaş səhnə prosesinə inteqrasiyasında rejissor ustalığının əyani şahidinə çevrilirik.
Tamaşanın uğurunda onun qadın qəhrəmanları ilə bərabər, onların əzabları, səhnə ağrıları üzərində oyun “quran” personajların oyunu da çox təsirli idi.
Bu yerdə səhnə əsərinin əsas qəhrəmanlarını arxiv sənədlərindəki iş nömrələri ilə birgə diqqətə çatdırmaq istərdim.
30024-Şükriyyə Axundzadə (Kəmalə Müzəffər), 2385-Ceyran Bayramova (Leyli Vəliyeva), 30037-Ümgülsüm Sadıqzadə (Qəmər Məmmədova), 28965-Xavər Qarayeva (Şəfəq Əliyeva), 2496-Ayna Sultanova (Günel Məmmədova), 30418-İzzət Vəzirova (Gülər Nəbiyeva), 10506-Dilbər Axundzadə (Aygün Fətullayeva), 30419-Şövkət Məmmədxanova (Səbinə Məmmədzadə), 30415-Tamara Hüseynova (Asya Atakişiyeva), 1775-Zivər Əfəndiyeva (İlqarə Tosova), 30510-Panfiliya Tanalidi (Zülfiyyə Alhüseynova), 2239-Firəngiz Rzayeva (Mehriban Abdullayeva), 29954-Xədicə İzmayılova (Sevinc Əziz), 22482-Güllü Camalbəyova (Zemfira Əbdülsəmədova), 30789-Anna Kisilyova (Könül Əbilova), 30585-Sitarə Qarayeva (Nübar Novruzova), 30212-Xədicə Qayıbova (Fəridə Qurbanova), 23346-Kriminal avtoritet (Naibə Allahverdiyeva), 30418-Mariya Paşina (Təhminə Məmmədova), 82185-Yelizaveta Qorbunova (Yasəmən Məmmədova), 30221-Kövsər Seyidbəyli (Nəsibə Eldarova), 82231-Xədicə Kəngərlinskaya (Xalidə Əliməmmədova), 2385-Gülarə Qədirbəyova (Nuriyyə Əliyeva), 2334-Suğra İsazadə (Şəbnəm Hüseynova), 1314-Sənubər Eyyubova (Simuzər Ağakişiyeva), 29997-Natalya Talıblı (Mehriban Hüseynova), 30001-Məryəm Mirqədirova (İradə Rəşidova), 29998-Ruhiyyə Qurbanova (Güşvər Şərifova), 29981-Firuzə Eminbəyli (Gülbəniz Lətifova), 2230-Mədinə Qiyasbəyli (Hüsniyyə Əhmədova), 30610-Mələk Qədirli (Xəyalə Qasımova), 1746-Alyona Şaxova (Zümrüd Quliyeva), 29988-Nəimə Məmmədova (Aybəniz Heydərova), 30073-Anastasiya Qasımova (İlahə Əmirxanova), 30527-Fəridə Salamzadə (Nuranə Hüseynova), 10222-Səfurə Səlimova (Venera Abbasova).
Onlarla bərabər tamaşadakı repressiya qurbanı kişilər: Qəzənfər Musabəyov (Kərəm Hadızadə), Həmid Sultanov (Araz Pirimov), Qoca qazax (Vahid Əliyev), Məmməd (Hilal Dəmirov), Orxan (Bəhram Əliheydər), Şaban (Anar Səfiyev), Əziz (Nurlan Süleymanlı) bizi səhnədə baş verənlərin gerçəkliyinə, yaşanmışlığın ağrılı təkrarına yol yoldaşı olmağa “vadar” edə bildilər.
Sözsüz ki, onlara işgəncə verə-verə əclaflığın, əslində, imperiya sevdası ilə ideoloji qapanın arasında sıxılan quduz “NKVD” (Stalin dövründə Xalq Daxili İşlər Komissarlığı) fəallarının səhnə cildindəki aktyor qrupu – komissarlar (Rəşad Səfərov, Ədalət Əbdülsəməd), müstəntiqlər (Şövqi Hüseynov, İlham Əsədov, Vüqar Məmmədəliyev), konvoy rəisi (Yasin Qarayev), stansiya rəisi (Vahid Orucoğlu), Qriqoryan (Elnur Kərimov), konvoylar (Elşən Şıxəliyev, Elnur Bəhramxan, Tahir İsmayılov, Yusif Dadaşov), nəzarətçilər (Elşən Hacıbabayev, Anar Seyfullayev, Aydın Dəmirov), Musatov (Ramil Məmmədov), Bakuyev (Nofəl Vəliyev) ... – bizə o qanlı rejimə, xalqın işıqlı ziyalıları və onların ailələrini günahsız qırğına verənlərin əsl simalarına yenidən nifrət ilə baxmaq, ürəyimizdə dönə-dönə söyüb-söyləmək imkanı “verdilər”.
Ümumilikdə tamaşa ağır faciələrin təsviri fonunda cərəyan etsə də, sabaha bir ümid var: bir gün bu əzab bitəcək, evlərinə qayıdıb əzizlərinə qovuşacaqlar!
Bəli, ən ağrılı, ən ümidsiz, ən alçaldıcı məqamda belə öləziməyən ümidlə çıxılan yolda, gec də olsa, həqiqətini isbat edib, gecikmiş ədalət ilə rastlaşan “Kod adı... V.X.A” (“Vətən xainlərinin arvadları”) olanların əzablarını arxiv materialı olmaqdan xilas edib bütün ruhu ilə tamaşaçıya qovuşduran müəllif Mehriban Ələkbərzadə yaşanan bu ağrını tamaşaçı olaraq bizə də “amansızlıqla” yaşada bildi...
Həmidə Nizamiqızı
P.S. Tamaşaya və mövzuya daha ətraflı şəkildə qayıdacağıq.