Yetərincə qar yağmasa da, xizək sürmək olar...
Dövlət Turizm Agentliyi (DTA) dekabrın 18-də Azərbaycanda qış turizmi mövsümünün açılışı münasibətilə “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edib.
Mediatur çərçivəsində Azərbaycanda qış turizminin imkanları, DTA-nın bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.
Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova ölkədə fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm komplekslərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.
“Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən direktor Rüstəm Nəcəfov kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, buradakı hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.
Hələlik ölkənin digər dağlıq rayonları kimi, Şahdağa da yetərincə qar yağmasa da, süni qaryağdıran qurğuların köməyi ilə mərkəzdə xizək sürmək imkanları var.