Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin növbəti təqdimatı ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə həsr olundu.
17 dekabrda keçirilən konsertdə tarzən Xalq artisti Ramiz Quliyev və Əməkdar artist, xanəndə Sevinc Sarıyeva tələbələri ilə birlikdə çıxış etdilər.
Ramiz Quliyev Əhməd Bakıxanovun həyat və yaradıcılığından danışaraq xatirələrini bölüşdü. Bildirdi ki, görkəmli sənətkar daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik tarzən xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda ayrıca yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilir, ölkənin mədəni həyatında yaxından iştirak edir. “Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir. Mən ilk dəfə filarmoniyaya solist kimi qəbul olunanda Əhməd Bakıxanovla tanış oldum. Onun rəhbərliyi ilə fəaliyyət göstərən ansambllar respublikamızın ən öncül kollektivləri kimi şöhrət qazanıb”, – deyə R.Quliyev bildirdi.
Daha sonra konsert proqramı təqdim olundu. İlk olaraq Ramiz Quliyev solo muğam ifaları ilə çıxış etdi. Konsertin ikinci hissəsində Əməkdar artist Sevinc Sarıyeva və tələbələri muğam və təsniflərdən ibarət proqramla çıxış etdilər. Xanəndələri BMM-in solistləri Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança), Əməkdar artist Çinarə Heydərova (qanun), Rafael Əsgərov (balaban), Vasif Yusibli (ud) və Vüsal Bayramov (nağara) müşayiət edirdi.
Lalə Azəri