Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə “Yəsəvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbirdə Türk dünyasının mütəfəkkir alimi, şair və din xadimi Əhməd Yəsəvinin (1093-1166) Azərbaycan dilinə təkrar tərcümə edilmiş “Divani-hikmət” kitabı da təqdim olundu.
Tədbiri şair Əkbər Qoşalı açaraq Türk dünyasının böyük mütəfəkkiri Əhməd Yəsəvinin yaradıcılığı haqqında məlumat verdi, onun məşhur “Divani-hikmət” əsərinin dilimizə tərcümə edilməsinin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, Əhməd Yəsəvinin yaradıcılığı Orta Asiya xalqlarının ədəbiyyat və dillərinin inkişafına, bütövlükdə dünya mədəniyyətinin inkişafına öz təsirini göstərib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Əhməd Yəsəvinin ömür yolu və dini görüşləri barədə söz açdı. Qeyd etdi ki, alimin İslam haqqında düşüncəsində məzhəb ayrı-seçkiliyi yoxdur.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bu məşhur əsərin Azərbaycan dilində yeni nəşrini əlamətdar hadisə adlandırdı: “Divani-hikmət”in nəşri ilə bağlı nazirliyə müraciət olundu və biz bunu məmnuniyyətlə qarşıladıq. Çünki Əhməd Yəsəvinin hikmət xəzinəsi daha mükəmməl şəkildə Azərbaycan oxucusuna çatdırılmalı idi”.
Çıxışlardan sonra musiqi nömrəsi təqdim edildi. Əməkdar artist Nuriyyə Hüseynova, aşıq, vokalçı İlham Əsgəroğlunun ifasında Əhməd Yəsəvinin sözlərinə bəstələnmiş əsərlər səsləndirildi. Qiraətçi Həlimət Məmmədova şairin şeirlərini söylədi.
Savalan Fərəcov