Böyük Füzuli irsinə nəzirə olan yeni poema təqdim olunub
   
   Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində elm xadimlərinin və klassik ədəbiyyat tədqiqatçılarının iştirakı ilə şair-filosof Bilalın “Leyli və Məcnun” kitabının təqdimatı olub. 
      
   “Azərnəşr”də çapdan çıxmış kitaba akademik Fuad Qasımzadə, professorlar Azadə Rüstəmova, Tofiq Hacıyev və Rafiq İmrani, filologiya elmləri namizədi Tərlan Quliyev rəy veriblər.
   AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov tədbiri açaraq müəllifin həyatı və kitabı haqqında məlumat verib, onun gərgin zəhmət hesabına sanballı bir əsəri ortaya qoyduğunu diqqətə çatdırıb.
   AMEA-nın müxbir üzvü Teymur Kərimli Azərbaycanın böyük şairi Füzulinin yaradıcılığından, ondan sonra yaranan ədəbi məktəbdən bəhs edib. Bildirib ki, dahi şairin “Leyli və Məcnun” poeması ardıcıllarının daim ilham qaynağı olub. İstər Azərbaycan, istərsə də Şərq ədəbiyyatında şairlər və yazıçılar bu mövzuya müraciət ediblər. Onlardan biri də nizamişünas və füzulişünas Bilaldır. Onun bu əsəri dünya bədii fikrinə qiymətli töhfədir.
   Tədbirdə tanınmış alim Cavad Heyət və başqaları çıxış edərək əsəri yüksək qiymətləndiriblər.