Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış tarzən, Xalq artisti, Prezident təqaüdçüsü Fikrət Verdiyev 21 dekabr 2022-ci il tarixində, 75 yaşında vəfat edib.

Fikrət Süleyman oğlu Verdiyev 2 sentyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1957-1962-ci illərdə Gəncə şəhər 1 nömrəli Musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb. Sonra Gəncədə Qəmbər Hüseynli adına Orta İxtisas Musiqi Məktəbində həmin ixtisas üzrə təhsilini davam etdirib. Eyni zamanda Gəncə Pionerlər evi, Məktəblilər sarayı və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edib. 1967-ci ildə texnikum təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub. 1969-cu ildə Gəncədə “Göygöl” Xalq Çalğı Alətləri Ansamblını yaradıb.

Konservatoriya təhsilini başa vurduqdan sonra F.Verdiyev ansambla rəhbərliklə yanaşı, Gəncə Şəhər Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyətə də başlayır. 1977-ci ildə Azərbaycan SSR-in rəhbəri Heydər Əliyevin diqqət və qayğısı ilə ansambla “Dövlət mahnı və rəqs ansamblı” statusu verilib və F.Verdiyev bu kollektivə bədii rəhbər təyin olunub.

1990-cı ildə onun da səyləri ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bazasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yaradılıb və quruma bədii rəhbər təyin edilib. Burada çalışmaqla yanaşı, 1982-ci ildə Zeynəb Xanlarovanın yaratdığı ansamblda konsertmeyster kimi fəaliyyət göstərib, bu kollektivlə birgə dünyanın 40-dan çox ölkəsində Azərbaycan mədəniyyətini təbliğ edib.

Sənətkar 2000-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində “Neftçi” Mahnı və Rəqs Ansamblını yaradıb, kollektivə rəhbərlik edib.

2011-ci ildən “Xan Şuşinski” Fondunun təsisçilərindən biri olaraq müxtəlif ölkələrdə Azərbaycan milli musiqisini uğurla təbliğ edən F.Verdiyev bir çox ustad sənətkarların yubiley tədbirləri və yaradıcılıq gecələrini keçirib, bir sıra yaradıcılıq müsabiqələrində münsif kimi fəaliyyət göstərib.

F.Verdiyev 1987-ci ildə respublikanın “Əməkdar artist”i, 2014-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.

Görkəmli sənətkar, səmimi insan F.Verdiyevin xatirəsi onu tanıyanların, həmkarlarının, sənətsevərlərin qəlbində yaşayacaq.

***

Dekabrın 22-də Təzəpir məscidində Fikrət Verdiyevlə vida mərasimi keçirilib. Mərasimdə mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

Həyat yoldaşı Bəyimxanım Verdiyeva F.Verdiyevin sənətə bağlılığından danışıb: “O, 60 ilə yaxın Azərbaycan mədəniyyətinə xidmət edib. Onun ürəyi musiqi ilə döyünürdü. Bir müddət idi ki, xəstə idi. Xəstə olduğu dönəmlərdə yanımızda olduqları üçün dövlətimizə və Heydər Əliyev Fonduna təşəkkür edirəm”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Xalq artistləri Ramiz Quliyev, Zaur Rzayev, Mənsum İbrahimov, Möhlət Müslümov və digər tanınmış incəsənət xadimləri sənətkarın vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirib, onun musiqiçi təşkilatçısı və tarzən olaraq fəaliyyətindən söz açıblar.

Vida mərasimindən sonra Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.