Sərxan Sərxanın Beynəlxalq Muğam Mərkəzindəki yubiley konsertindən əvvəl sənətkardan “Mədəniyyət” qəzeti üçün qısa müsahibə almaq imkanımız oldu.
– Sizi yenidən Bakıda görməyə şadıq. Üçillik fasilədən sonra yenidən səhnədə olacaqsınız...
– Mən də çox sevinirəm ki, artıq bu axşam Bakıda tamaşaçılarla görüşəcəyəm. Bəli, müəyyən səbəblərdən üç ildir görüşə bilmirik. Nəhayət, uzun fasilədən sonra konsertim baş tutdu. Bunu həm də bir vətəndaşlıq borcum hesab edirəm.
– Doğma şəhər üçün darıxmışdınız?
– Bakı üçün mən həmişə darıxıram. Bakını ona görə çox sevirəm ki, burada anadan olmuşam, uşaqlığım bu şəhərdə keçib. Bəziləri sual verir ki, nə vaxt qayıdacaqsınız. Mən Bakıdan getdiyimi hesab etmirəm. Ona görə ki, ürəyimin yarısı həmişə buradadır. O vaxt ittifaq idi. Getdim təhsil almağa və fəaliyyətim də orada davam etdi. Bu gün vaxtımın çoxu Bakıda keçir.
– Zalda bir dənə də boş yer belə yoxdur. Hətta insanlar bu dəqiqə mərkəzin qarşısında toplaşıblar. Bu qədər sevilməyinizin sirrini nədə görürsünüz?
– Bunun sirri uzun illər sənətdə çalışmaq, səmimi olmaq. Gərək heç vaxt nə özünü, nə də başqalarını aldatmayasan. Ən əsas öz sənətinə inam olmalıdır. Əgər sən sənətinə, ifa etdiyin mahnılara inanırsansa, onda tamaşaçı sənə inanacaq. Pula görə, vəzifəyə görə deyil, səmimiyyətlə oxusan, mahnın tamaşaçının ürəyinə yol tapacaq. Uzun illər sən əziyyət çəkirsən və populyarlığa fikir vermirsən. Mən uzun illər populyarlığa fikir vermədim. Həmişə populyarlığı mənə verilən kredit kimi qəbul etmişəm. Bu krediti gərək işləyim geri qaytarım. Yəni bu sevgini tamaşaçıya sənətlə geri qaytarmaq lazımdır.
– Bugünkü konsertdə yeni mahnılar olacaqmı?
– Həm ötən illərdə oxuduğum, həm də yeni mahnılar olacaq.
– Belə cavan, şux qalmağınızın xüsusi bir sirri varmı?
– Səmimilik, ürək açıqlığı. Fiziki tərəfləri də var. Amma ruhi tərəfdən də gərək təmiz olasan. İdmanla məşğul olasan, yeməyinə fikir verəsən, nəfsini saxlayasan. Hər birimizin bir inamı var. İnsafın varsa, pislik etmirsənsə, heç kimi aldatmırsansa, bunun özü inamdır, imandır.
– Klassik estrada ilə bağlı fikirləriniz maraqlı olar.
– Mən özümü klassik estradanın axırıncı ifaçılarından hesab edirəm. Zamanın öz tələbləri var. İndi heç kimi, yəni gəncləri qınamaq olmaz. Sənətin qiyməti çox amillərdən asılıdır. Mətni gərək şair yazsın, musiqini bəstəkar bəstələsin. Yüksək səviyyəli əsər ifaçıdan da peşəkarlıq tələb edir. İndi təəssüf ki, bir çox mahnıların mətni də, musiqisi də bəsit olduğu üçün səviyyəsi elə də yüksək olmur. Bir nüans da var. İncəsənət kütləvi ola bilməz. Operaya, klassik musiqiyə də hamı qulaq asmır. Biz deyə bilmərik ki, bu, pis musiqidir. Onu gərək başa düşsünlər. Klassik estrada da belədir. Bu janrları başa düşmək üçün gərək televiziyalar və sosial platformalar bu musiqiləri təbliğ etsin. Hər janrın öz yeri var.
– Sərxan müəllim, artıq bizə konsertin başlamasını işarə edirlər. Sizə uğurlar arzulayırıq.
– Sağ olun. Göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.
Lalə