Dekabrın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı S.Rüstəmov adına 13 nömrəli Musiqi məktəbi ustad tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Ramiz Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Ü.Hacıbəylli adına Bakı Musiqi Akademiyasında keçirilən tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, yubilyarın sənət dostları – Xalq artistləri Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, musiqi məktəblərinin direktorları, digər qonaqlar, həmçinin şəhid Rövlan Məmmədovun ailəsi, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edənlər Ramiz Quliyevi yubileyi münasibətilə təbrik edib, sənətkarın musiqi mədəniyyətimizin, tar ifaçılığı sənətinin inkişafındakı xidmətlərindən söz açıblar.

Bildirilib ki, məşhur tarzən Azərbaycan musiqi ifaçılığı sənətində parlaq iz qoyub. Bu gün Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Xalq artisti, tarzən Elçin Həşimov, Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov, Səid Rüstəmov adına 13 nömrəli Musiqi məktəbinin şagird, məzun və müəllimləri çıxış ediblər.

Sonda Ramiz Quliyev tədbirin keçirilməsinə və göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirib.