Ötən yüzilliyin birinci yarısında Azərbaycanda qadınların təhsil almasına nail olmaq asan deyildi. Həm müvafiq təhsil ocaqları yox idi, həm də valideynlər qızlarının təhsilinə mane olurdular. Bu çətinliklərin aradan qaldırılmasında sayları o qədər də çox olmayan maarifçi qadınlarımız böyük fədakarlıq göstərirdilər. Həmin maarifpərvər qadınlardan biri də Şəfiqə Əfəndizadə olub. Görkəmli ziyalı, yazıçı-publisisti anadan olmasının 140 illiyi münasibətilə yada salırıq.
Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Axalsix rayonunun Azqur kəndində dünyaya göz açıb. Ahıska türkü olan Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalılarından idi. Şəfiqə və bacısı Səidə ilk təhsillərini məhz atalarından alıblar.
Şəfiqə 14 yaşında indiki Şəkidə atasının çalışdığı “Darrüssiyada” məktəbi nəzdində qızlar üçün açılan xüsusi qrupda dərs deyir. Həmin il Bakı şəhərinə gəlir, qadınların savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır. Bu ərəfədə böyük mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Nəriman Nərimanov M.Şeyxzadəyə məktub göndərərək Şəfiqənin həmin məktəbdə dərs deməsinə icazə verməsini xahiş edir. Atası Şəfiqənin dövlət məktəbində dərs demək hüququnun olmadığını bildirir. Belə olan halda Şəfiqə Tiflisə gedir və imtahan verib müəllimlik attestatı alır.
Bakıya qayıdan Şəfiqə Əfəndizadə 1910-cu ilədək bu məktəbdə dərs deyir, eyni zamanda publisistik fəaliyyətlə məşğul olur. 1903-cü ildə ilk qələm təcrübəsini “Şərqi-Rus” qəzetində dərc etdirir. O, məqalələrində qadınları elmə, təhsilə çağırır. 1906-cı ildə müəllimlərin Bakıda keçirilən I qurultayında iştirak edir. “Dəbistan” jurnalında dərc olunan məqalələrində ənənəvi olaraq qadın savadsızlığına qarşı çıxır. Bədii yaradıcılıqla da məşğul olan Ş.Əfəndizadə uşaqların həyatından bəhs edən ilk hekayələri – “İki qızın söhbəti”, “Şəkər alması”, “İlk məhəbbət”, “Röya”, “Müəllim nədir?”, “Mükafat” və s. əsərləri “Dəbistan” və “Məktəb” jurnallarında dərc olunur. Maarifçi xanımın jurnalistika mühitinə cəlb edilməsində 1911-1912-ci illərdə nəşr olunan “İşıq” adlı ilk qadın qəzetin mühüm rolu olub.
1917-ci ildə Cənubi Qafqaz müsəlmanlarının I qurultayında iştirak edən Ş.Əfəndizadə Şərq qadınlarının hüquqsuzluğundan söz açıb, yeni məktəb və teatrların açılmasını tələb edib. Tarixçi M.Oruclu bu barədə yazır: “Şəfiqə Əfəndizadə və S.Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət qurultay nümayəndələrini qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxdı. Onları qadınları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında üzüaçıq çıxış etdiklərinə görə mühakimə etdi. Bütün qurultay iştirakçıları ayağa qalxdı. Qazı tribunadan düşməyə məcbur oldu...”.
Ş.Əfəndizadə Cümhuriyyət dövründə də mətbuatla əlaqəsini davam etdirib, ilk respublikamızı alqışlayıb. Cümhuriyyət Parlamentinin orqanı olan “Azərbaycan” qəzetinin 5 iyun 1919-cu il tarixli nömrəsində dərc etdirdiyi “Milli bayram və qadınlarımız” məqaləsində mayın 28-də Azərbaycan istiqlaliyyətinin bütün dünyaya çatdırılmasından fərəhlə yazıb. Onun “Azərbaycan” qəzeti ilə əməkdaşlığı Xalq Cümhuriyyətinin süqutunadək davam edib. Sovet hakimiyyəti illərində də maarifçi fəaliyyətini davam etdirən Ş.Əfəndizadə 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəallıq göstərib.
Yeni nəşr olunan “Şərq qadını” jurnalı ilə yaxından əməkdaşlıq edən maarif xadimi dərginin redaksiya heyətinin üzvü seçilir. Jurnalın məsul katibi və Bədii ədəbiyyat şöbəsinin müdiri olur. “Şərq qadını” jurnalı 1924-cü ildə onun haqqında yazırdı: “Şəfiqə xanım bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, jurnalisti və yazıçısı olmuşdur”.
Ş.Əfəndizadə 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib, 1932-ci ilə qədər pedaqoji fəaliyyətini davam etdirib. Yorulmaz maarif xadimi 1959-cu ildə, 77 yaşında dünyasını dəyişib. Hazırda Bakı şəhərindəki 13 saylı tam orta məktəb onun adını daşıyır.
Savalan Fərəcov