1 may Məmməd Səid Ordubadinin xatirə günüdür

   Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Məmməd Səid Ordubadinin (1872-1950) uzunömürlü, rəngarəng, zəngin yaradıcılığı dərindən öyrənildikcə, onun mübariz şəxsiyyəti, ictimai-siyasi fəaliyyəti ilə bağlı yeni faktlar üzə çıxdıqca bu nəhəng ədəbi sima haqqında təsəvvürlər genişlənir, onun ədəbiyyat tariximizdə yeri və rolu daha da aydınlaşır.
     
   Bədii yaradıcılığa şeirlə gələn və yüzlərlə poetik əsər yazan M.S.Ordubadi bütün ömrü boyu bu sahədəki fəaliyyətini davam etdirmiş, hətta irihəcmli “Maral” dramını şeirlə yazmışdır. Böyük yazıcı öz şeirlərinə sanki monumental roman və epopeyalarının uvertürası kimi baxırdı. Lakin o, hər şeydən öncə böyük romançı idi. Sənətkarın “İki cocuğun Avropaya səyahəti”, “Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab”, ”Bagi-şah və ya Tehran faciəsi”, ”Teymurləng və İldırım Bayazid”, “Dumanlı Təbriz”, “Qılınc və qələm” və digər romanları bədii nəsrimizdə bütöv mərhələ təşkil edir.
   Ədib “Dumanlı Təbriz” əsəri ilə Azərbaycanda tarixi roman janrının ilk, gözəl nümunəsini yaratmışdır. Müəllif bu əsərində XX əsrin ilk inqilablar dövrünün mənzərəsini canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dolğun təəssürat, bədii, əfsanəvi don geydirilmiş zəngin, hərtərəfli məlumat bu əsərdə verilmişdir.
   M.S.Ordubadi yazırdı: “Şair tarix cəhətcə savadsız, şair öz xalqının keçmişini bilməkdən aciz və xəbərsiz olursa, o, hansı talant və hansı bir düha ilə tarixi əsərlər və tarixi dastanlar yaza bilər?!”
   M.S.Ordubadinin dramaturgiyası da istər kəmiyyət, istərsə də keyfiyyət etibarı ilə yazıçının bədii yaradıcılığında mühüm yer tutur. Onun dramaturgiyası tematika və məzmun cəhətdən rəngarəng, siyasi-ictimai məna və problemlər baxımından aktual səslənir. Ədibin adı Azərbaycan dramaturgiyası və teatrın salnaməsində özünəməxsus yer tutur, onun bu sahədəki fəaliyyətinin tədqiqi aktual və faydalıdır.
   Sənətkarın ömrünü həyatda yaşadığı illərlə, ölümünü isə həyatdan getdiyi tarixlə hesablamaq səhv olardı. Həqiqi sənətkarın ömrü onun doğum və ölüm tarixi arasında sığışıb qalmır, ayları, illəri, hətta əsrləri adlayıb keçir, nəsillərə xidmət edir. Həqiqi sənətkarın yaratdıqları zamanların sınağından müvəffəqiyyətlə çıxaraq daha geniş yayılır, daha aydın parlayır. M.S.Ordubadinin yazıçı kimi böyüklüyü ondadır ki, onun əsərləri hec vaxt köhnəlmir. “Dumanlı Təbriz”, “Qılınc və qələm” və digər romanları dönə-dönə oxunur.

   Lalə Abaszadə,
   M.S.Ordubadinin xatirə muzeyinin direktoru