Zamanın səhifələrində qalan olaylar, faktlar...
210 il əvvəl...
31 dekabr 1812-ci ildə Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Lənkəran xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər. Bununla müharibə faktiki başa çatdı. Bir il sonra Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ilə Naxçıvan və İrəvan xanlıqlarından savayı Şimali Azərbaycandakı bütün xanlıqlar Rusiyaya birləşdirildi.
169 il əvvəl...
30 dekabr 1853-cü ildə ABŞ-Meksika arasında “Qadsden müqaviləsi” imzalanıb. Müqaviləni ABŞ tərəfdən imzalamış xüsusi elçi Ceyms Qadsdenin adı ilə tarixə düşən razılaşmaya görə, Meksika öz ərazisinin 120 min kv km hissəsini o vaxtın pulu ilə 10 milyon dollara ABŞ-a satıb. Həmin ərazilər Arizona və Nyu-Meksika ştatlarına qatıldı.
127 il əvvəl...
28 dekabr 1895-ci ildə Parisdə Lui və Ogüst Lümyer qardaşları icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk qısametrajlı filmin (“Fəhlələrin fabrikdən çıxması”) seansını təşkil ediblər. 28 dekabr Beynəlxalq Kino Günü kimi qeyd olunur.
105 il əvvəl...
31 dekabr 1917-ci ildə bolşevik hökuməti çar Rusiyasının müstəmləkəsi olmuş Finlandiyanın müstəqilliyini tanıyıb. Finlandiya 1809-cu ildə Rusiya-İsveç (Finlandiya o vaxt İsveç Krallığına daxil idi) müharibəsinin nəticəsi olaraq Rusiyaya birləşdirilmişdi.
104 il əvvəl...
28 dekabr 1918-ci ildə Bakıda ingilis hərbi kontingentinin komandanı general V.Tomson Xalq Cümhuriyyəti Hökumətini (F.Xoyskinin rəhbərlik etdiyi kabinet) Azərbaycan ərazisində yeganə qanuni hökumət kimi tanıdığını bəyan edib. Bu bəyanatdan sonra Cümhuriyyət Parlamentini boykot edən rus və erməni deputatlar parlamentdə iştirak etmək qərarına gəldilər.
100 il əvvəl...
30 dekabr 1922-ci ildə Moskvada I Ümumittifaq Sovetlər Qurultayında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıldığı elan edilib. SSRİ Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), Ukrayna SSR, Belarusiya SSR və Zaqafqaziya (Azərbaycan, Ermənistan, Gürcüstan) SFSR-in təsisçiliyi ilə yaradılmışdı. Qurultayda ittifaqın ali idarətemə orqanı – Mərkəzi İcraiyyə Komitəsi (sədr Mixail Kalinin) seçilib. “Zaqfederasiya”dan Nəriman Nərimanov MİK üzvü olub.
33 il əvvəl...
30 dekabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Gəncə şəhərinin tarixi adı bərpa olunub. Gəncə xanlığı çar Rusiyası tərəfindən işğal (1804) olunandan sonra şəhər Yelizavetpol adlandırılmışdı. 1918-ci ildə Gəncə adı bərpa edilsə də, 1935-ci ildə şəhərin adı yenə dəyişdirilərək Kirovabad olmuşdu.
31 dekabr 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçiriblər. Onilliklərlə bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar. Bu hadisə Azərbaycan tarixinə milli həmrəylik aksiyası kimi düşdü. İki il sonra Azərbaycan Ali Sovetinin qərarı (25 dekabr 1991) ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olundu.
31 il əvvəl...
29 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına münasibətlə bağlı referendum keçirilib. SSRİ süqut edəndən sonra keçirilən ümumxalq səsverməsi formal xarakter daşıyırdı.
30 dekabr 1991-ci ildə Səudiyyə Ərəbistanı Krallığı, Banqladeş, Finlandiya, Livan Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
31 dekabr 1991-ci ildə Danimarka, İspaniya Azərbaycanın müstəqilliyini tanıyıb.
23 il əvvəl...
29 dekabr 1999-cu ildə Prezident Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılması haqqında Fərman imzalayıb. Bir il sonra, 29 dekabr 2000-ci ildə Dövlət Neft Fondunun Əsasnaməsi təsdiq edildi. ARDNF 2001-ci ildə fəaliyyətə başladı.
31 dekabr 1999-cu ildə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin səlahiyyət müddətinin bitməsinə 6 ay qalmış istefa verib. Prezident səlahiyyətləri Rusiyanın Baş naziri Vladimir Putinə keçib.
16 il əvvəl...
29 dekabr 2006-cı ildə Prezident İlham Əliyev Bakıda şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Heydər Əliyev Mərkəzinin açılışı 10 may 2012-ci ildə oldu.
Hazırladı: V.Orxan