Regionlarda seminar-treninqlər keçirilib 

   Turizmin inkişaf etdirilməsi, yeni turizm sahələrinin təşviqi, təbliği və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də sahəvi normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi paytaxt Bakı ilə yanaşı, respublikanın müxtəlif regionlarında da tədbirlər həyata keçirir.
   
   Mərkəzin Normativ-hüquqi tənzimləmə və iqtisadiyyat şöbəsinin və rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin təşkilatçılığı ilə bu günlərdə Goranboy rayonunda və Naftalan şəhərində “Mədəni turizmin marketinqi” mövzusunda seminar-treninqlər keçirilib. Tədbirlərdə mədəniyyət və turizm müəssisələrinin əməkdaşları, turizm, mehmanxana fəaliyyəti ilə məşğul olan sahibkarlar iştirak ediblər.
   Goranboy rayonunda təşkil olunmuş seminar-treninqi mərkəzin şöbə müdiri Məzahir Qarayev açaraq treninqin mahiyyəti, turizmin regionların sosial-iqtisadi vəziyyətinə təsiri barədə məlumat verib. Qeyd olunub ki, turizm məhsulunun istehsalçıdan alıcıya çatdırılmasında və onlar arasında bir-birinə informasiyanın ötürülməsində marketinqin rolu böyükdür. Mərkəzin əməkdaşı Cavid Quliyev mədəniyyət və turizm qanunvericiliyinin inkişaf dinamikasından, mövcud durumundan, qəbul olunacaq “Turizm haqqında” qanun, sahibkarlar üçün yaradılacaq geniş imkanlar və turizm iqtisadiyyatı barədə danışıb.
   ATİ-nin müəllimi Çingiz Gülalıyev “Mədəni turizmin marketinqi” mövzusunda məruzə ilə çıxış edib. Goranboy RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Elçin İsmayılov, Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Hacıyev bölgənin turizm potensialı barədə ətraflı məlumat veriblər.
   Naftalanda təşkil olunan seminar-treninqdə şəhər icra hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə nümayəndəsi Müsaməddin Gülmalıyev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahirə Aslanova, Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev, mədəniyyət və turizm müəssisələrinin əməkdaşları, turizm, mehmanxana fəaliyyəti ilə məşğul olan sahibkarlar, sağlamlıq mərkəzlərinin nümayəndələri və digər mütəxəssislər iştirak ediblər. Silsilə tədbirlərin digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulub. 
   
   Fəxriyyə Abdullayeva