Bakı Şəhər Mədəniyyət Baş İdarəsi “Cəngi” estrada folklor ansamblının 30 illik yubileyi dekabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qeyd olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevera, baş idarənin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

Açılış nitqi söyləyən İbrahim Əliyev qonaqları salamlayıb. Bildirib ki, “Cəngi” ansamblı 30 il ərzində böyük inkişaf yolu keçib: “Ansambl həm Azərbaycanda, həm də xaricdə ölkəmizi uğurla təmsil edib. Bugünkü tədbirdə ansamblın 30 illik yubileyi münasibətilə konsert təqdim olunacaq. Konsertdə xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri və muğam üstündə caz kompozisiyaları ifa ediləcək. Əminəm ki, gecədə iştirak edən qonaqlar konsertdən zövq alacaqlar”.

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, jurnalist Rahib Azəri vurğulayıb ki, 2002-ci ildə Xalq artisti Mircavad Cəfərovun “Cəngi” estrada folklor ansamblına rəhbər təyin edilməsi nəticəsində kollektivə ikinci nəfəs gəlib: “Rafiq Babayev irsini qoruyan, onun ənənələrinə sadiq qalan Mircavad Cəfərov ansamblın nəzdində muğam üçlüyü, folk və modern üslubunda rəqs ansamblı, caz triosu (piano, bas-gitara, zərb alətləri) və təbii ki, uzun illərin zəhməti nəticəsində 2013-cü ildən etibarən 15 nəfərlik musiqi qrupu yaradıb”.

Çıxışlardan sonra söz musiqiyə verilib.

Konsertdə ansamblın (Xalq artisti Mircavad Cəfərov – ud, Əməkdar artistlər Ruslan Hüseynov – bas-gitara, Kamran Kərimov – nağara, Mircavid Cəfərov – tar, Vasif Hüseyn – piano, Lütfiyar Əliyev – saksofon, Nicat Bayramov – zərb alətləri, Ramin Hüseynov – akkordeon, Tərlan Məmmədhüseynov – piano, solistlər – Ramil Xələfov, Gülbəniz Məmmədova, Əminə Kaykun, Mahir Zeynalov) ifasında “Çahargah” muğam kompozisiyası, “Bura Vətəndir”, “Ətrin qalıb güllərdə”, “Rəhm elə, ilahi”, “Əziz şəhər”, “Leyla”, “Dağlar”, “Məhəbbət çırağı”, “Ya sənindir, ya mənim” və digər mahnılar səsləndirilib. Ansamblın məharətli ifası tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, “Cəngi” estrada folklor ansamblı 1992-ci ildə musiqiçi və bəstəkar, cazmen, Xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb.

Nurəddin