Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar SSRİ Xalq artisti Rauf Hacıyevin (1922-1995) 100 illiyi münasibətilə 3-27 dekabr tarixlərində musiqi festivalı keçirildi. Festival çərçivəsində paytaxtda və Gəncədə musiqi axşamları və digər tədbirlər təşkil olundu.

Dekabrın 22-də festivalın növbəti konserti Beynəlxalq Muğam Mərkəzində reallaşdı. Yığcam, xüsusi ab-havası olan musiqi axşamında bəstəkarın Əlcəzair mövzusunda əsərləri, piano üçün miniatürləri səsləndirildi.

Qeyd edək ki, Rauf Hacıyev 1971-ci ildə Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzairə gedən mədəniyyət qrupuna rəhbərlik edib. Azərbaycan musiqisi tarixində novator bəstəkar kimi qalan Rauf Hacıyev əlcəzairli gənclərin musiqi təhsilində, milli musiqi məktəbinin formalaşmasında yaxından iştirak edib. Həmin musiqiçi kadrlar indi də Əlcəzair Milli Konservatoriyasında və Buduau şəhərində açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Konsert proqramında bəstəkarın sevilən mahnıları dirijor Leyla Zalıyevanın rəhbərliyi ilə “Şəms-Qəmər” kamera xoru (Milli Konservatoriya) tərəfindən səsləndirildi. Xoru Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət edirdi. Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyevin ifalarında Rauf Hacıyevin operettalarından parçalar maraqla qarşılandı. 

Gecədə musiqişünas Vəfa Həmidova dolğun və əhatəli çıxışı ilə tamaşaçıları Rauf Hacıyev yaradıcılığının maraqlı məqamları ilə tanış etdi. Beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli və Atabala Manafzadə bəstəkarın fortepiano üçün miniatürlərini sevgi və ehtiram dolu ifaları ilə təqdim etdilər.

Xalq artisti Salman Qəmbərov və ifaçı Rövşən Qəhrəmanovun “Saçlarına gül düzüm”ü yeni işləmədə birgə ifaları isə xüsusi təsir bağışladı. Bu ifa ilə zala sanki çiçək yağışı ələndi...

***

“Rauf Hacıyev – 100” Musiqi Festivalına dekabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertlə yekun vuruldu. Bağlanış konserti üçün bəstəkarın simfonik əsərlərindən ibarət proqram tərtib olunmuşdu.

Musiqişünas Vəfa Həmidova bəstəkarın simfonik musiqi yaradıcılığından söz açdı. Bildirdi ki, yekun konsertdə sənətkarın simfonik əsərləri silsiləsindən səslənəcək “Gənclik simfoniyası” (1953) müəllifin diplom işidir. Bu əsər Azərbaycan musiqisində ilk lirik-dramatik simfoniya nümunəsidir. Əsərdə bəstəkarın Vətəninə, xalq sənətinə, musiqisinə olan dərin məhəbbəti öz əksini tapıb. Bəstəkarın “Rəqs lövhələri” simfonik süitası isə 1954-cü ildə yazılıb və “Qızların rəqsi”, “Rəqs”, “Yallı”, “Vals” hissələrindən ibarətdir.

Proqrama daxil olan bəstəkarın “Violin ilə orkestr üçün konsert” (1952) əsərinə qədər yalnız Soltan Hacıbəyov 1945-ci ildə və Cahangir Cahangirov 1951-ci ildə bu janra müraciət edib. R.Hacıyevin bu əsəri nurla, coşqun həyat nəbzi və sevinc hissi ilə doludur.

Sonra konsert proqramı təqdim olundu. Konsertdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiətində (Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə) Əməkdar artist Ceyla Seyidova bəstəkarın əsərlərini sevgi və peşəkarlıqla səsləndirdi. İfa olunan əsərlər Rauf Hacıyev sənətinin əbədiyaşarlığını bir daha təsdiqlədi.

Lalə