Aeroport, avtovağzal, dəmiryolu vağzalı və dəniz limanında xarici turistlər hər cür məlumatla təmin olunacaqlar
   
   Mayın 17-də Mədəniyyət və Turizm Nazirliyi və Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Beynəlxalq Avtovağzalı, Bakı Dəmiryolu Vağzalı və Dəniz Limanını əhatə edən infotur keçirildi. Tədbir sözügedən məkanlarda yaradılan turizm informasiya mərkəzlərinin təqdimatına həsr olunmuşdu.
   
   Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı Turizm İnformasiya Mərkəzinin 4 köşkü quraşdırılıb. Onlardan ikisi Cənub, ikisi isə Şimal terminalında yerləşir. Media təmsilçilərini müşayiət edən Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov bildirdi ki, «Eurovision» mahnı müsabiqəsi ilə bağlı ölkəmizə təşrif buyuracaq qonaqları lazım olan məlumat və çap məhsulları ilə təmin etmək məqsədilə yaradılan məlumat köşkləri Nəqliyyat Nazirliyinin, Azərbaycan Dövlət Xəzər Dəniz Administrasiyasının və “AZAL” Aviaşirkətinin dəstəyi ilə yaradılıb. Məlumat mərkəzləri Bakının turist xəritəsi, mayın 17-dən 30-dək paytaxtda nümayiş etdiriləcək tamaşa və filmlərin afişaları (rus və ingilis dillərində), əsas lazım olan söz və ifadələrdən ibarət dilmanclar, Azərbaycanın müxtəlif regionlarının turizm potensialını əks etdirən reklam-çap məhsulları ilə təmin olunub: “Bizim istədiyimiz odur ki, şəhərimizə gələn qonaqlar heç bir problemlə qarşılaşmadan istədikləri yerlərə gedə bilsinlər”.
   Direktor müavini qeyd etdi ki, hava limanında 2004-cü ildən Bakı Turizm İnformasiya Mərkəzinin iki köşkü fəaliyyət göstərir. «Eurovision»la bağlı onların sayı 4-ə çatdırılıb. Yeni yaradılan məlumat mərkəzlərinə Azərbaycan Turizm İnstitutunun tələbələri cəlb edilib. Onlara bu istiqamətdə müvafiq treninqlər keçiblər.
   
   Qonaqlara yüksək səviyyəli xidmət göstərilir
   
   Aeroportun Cənub terminalında yerləşən köşkdə çalışan Səbinə Tağıyevanın sözlərinə görə, son günlər məlumat mərkəzlərinə müraciət edən xarici vətəndaşların sayı kəskin surətdə artıb: “Xarici qonaqlar əsasən Bakıdakı hotellərlə, şəhərə hansı nəqliyyat vasitələrinin getməsi, Azərbaycanın regionları və s. bağlı suallar verirlər. Onlara rus və ingilis dillərində istədikləri məlumatları çatdırırıq. Gün ərzində təkcə mənim növbəmdə 50-dən yuxarı insan mərkəzimizə yaxınlaşıb məlumat istəyir. Artıq reyslərin sayı da artırılıb”.
   Hava limanında «SW Travel»in avtobusları diqqətimizi çəkdi. Avtobusda bələdçi kimi fəaliyyət göstərən Leyla Əhmədova bildirdi ki, nəqliyyat vasitələri AZAL Dövlət Konserninə məxsusdur: «Avtobuslar mayın 10-dan fəaliyyət göstərir. Hər gün 4 avtobus yarım saatdan bir hava limanından Azadlıq meydanına hərəkət edir. Qonaqlar ödənişsiz olaraq şəhərə daşınır. Yolboyu onlara ingilis və rus dillərində Bakı şəhərinin tarixi, keçdiyimiz ərazilərdə yerləşən mədəniyyət ocaqlarımız, abidələrimiz haqqında məlumatlar veririk».
   
   Avtovağzala gələn turistlər əsasən bölgələrimizlə maraqlanırlar
   
   İnfotur çərçivəsində baş çəkdiyimiz növbəti məkan Bakı Beynəlxalq Avtovağzalındakı məlumat köşkü oldu. Burada çalışan Aysel Yusifova da son günlər şəhərimizə gələn əcnəbilərin sayının artdığını bildirdi. Onun sözlərinə görə, məlumat üçün müraciət edən əcnəbilər arasında Britaniya, Fransa, Türkiyə və Rusiyadan gələn qonaqlar var. Burada arzu edənlər üçün internetdən məlumat almaq imkanı da yaradılıb. Həmsöhbətimiz qeyd etdi ki, avtovağzala gələn xaricilər əsasən bölgələrimizlə bağlı maraqlanır, regionlara necə getmək mümkün olduğunu soruşurlar.
   Bakı Dəmiryolu Vağzalı və Dəniz Limanının hər birində 1 məlumat mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin əməkdaşları dəmiryolu və gəmilər vasitəsilə ölkəmizə gələn qonaqları məlumatlandırırlar.
   Qeyd edək ki, Bakı Turizm İnformasiya Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə «Eurovision»la bağlı daha bir layihə də həyata keçirir. Layihə bu günlərdə təqdimatı keçirilən «Baku City Tour»dur (“Bakı şəhər turu”). Turlar hər gün saat 10.00-dan başlayaraq (hər saatdan bir olmaqla) axşam 20.00-dək davam edir. 3 saat 50 dəqiqə ərzində tur iştirakçıları Azadlıq meydanı - Qız qalası - Füzuli meydanı - İzmir parkı - Cavid parkı - Milli Məclis - Funikulyor istiqamətində hərəkət edərək paytaxtımızı gəzirlər. Cəmi üç gündür fəaliyyət göstərməsinə baxmayaraq, «Baku City Tour» marşrutundan istifadə edənlərin sayı kifayət qədərdir.

    Fəxriyyə Abdullayeva