Mayın 17-də Azərbaycan Turizm İnstitutunda Bakıda ilk beynəlxalq mehmanxanalar şəbəkəsi sayılan «Hyatt Regency Bakı»nın məsul şəxsləri ilə görüş olub. Görüşdə institutun turizm və hotelçilik, menecment ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib. Hotelin təmsilçilərindən Səbinə Hüseynova, Fərman Mehdizadə, Fadi Akeel, Yevgeniy Nahman tələbələri maraqlandıran sualları cavablandırıblar. Fadi Akeel öz ölkəsinin - İordaniyanın timsalında turizmin inkişafına təkan verən amillərdən danışaraq qonaqpərvərlik nümayişində hotellərin xüsusi rolu olduğunu deyib.
   Fərman Mehdizadə təmsil etdiyi hotelin yalnız işləmək yox, öyrənmək, təcrübə qazanmaq tendensiyasının üstünlüklərini şərh edib. Səbinə Hüseynova isə maraqlı təkliflə çıxış edib. O, tələbələrə yay dövründə üç aylıq iş, eyni zamanda «Hyatt Regency» hotelinin Harvard Biznes Məktəbi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi liderlik və menecment kurslarından yararlanmağı məsləhət görüb, təlim və inkişaf proqramlarının ATİ tələbələri üçün faydalı olacağını deyib.
   
   Fəxriyyə Abdullayeva