Tarixən Azərbaycana səfər etmiş səyyah, tacir, yazıçı və şairlər Vətənimizin tarixi-mədəni zənginlikləri haqqında faktları qələmə alıblar. Sonradan həmin faktların yer aldığı kitablar yaxın-uzaq keçmişimizi tədqiq etmək istəyənlər üçün mənbə rolunu oynayıb.
Belə mənbələrdən biri də Fyodor Alekseyeviç Deminskinin 1903-cü ildə Tiflis şəhərindəki K.P.Kozlovskinin mətbəəsində “İmperiya Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin qeydləri” rubrikası altında çap olunan “Bakı Quberniyası Şamaxı qəzasının Qəbiristan polis sahəsi haqqında bəzi məlumatlar” kitabıdır. Bəs F.A.Deminski kimdir və necə olub ki, Qobustan haqqında kitab yazıb?
Deminski XIX əsrin əvvəllərində o zamankı Bakı Quberniyasının Şamaxı qəzasında sahə pristavı vəzifəsində çalışıb. O, bu qədim diyarı kəndbəkənd gəzir. Bölgə haqqında, onun coğrafiyası, tarixi və etnoqrafiyası ilə bağlı məlumat əldə edir. Topladığı bu materialları sonralar kitab şəklində çap etdirir.
Deminski həm də xalq arasında Mərəzə adı ilə tanınan (hazırda bu bölgə Qobustan rayonu adlanır) ərazi haqqında məlumat verir. Maraqlı cəhət odur ki, Azərbaycanda kifayət qədər məşhur olan Qobustan toponimini “qəbiristan” şəklində traktovka edib. Müəllif yazır: “...Qəbiristan sözü qəbirlər olan yer deməkdir. Doğrudan da, bu yerlərin istər düzənlik, istərsə də dağlıq olan hissələrində bu günümüzədək gəlib çatan çoxlu sayda qədim və tarixi bəlli olmayan daşlar, qəbirlər var”. Pristav eyni zamanda onu da göstərir ki, bu ərazilər yerli sakinlər arasında ən qədim zamanlardan ərazi planlarında və xəritələrində olduğu kimi “çala-çuxurlu, dərə-təpəli yer” mənasını verən “qobu” və “stan”, yəni çoxlu qobular olan ərazi mənasında işlənməkdədir.
“Bakı Quberniyası Şamaxı qəzasının Qəbiristan polis sahəsi haqqında bəzi məlumatlar” kitabı əsasən üç hissədən ibarətdir. Kitabda Qobustan rayonunun fiziki və iqtisadi coğrafiyası, etnoqrafiyası, toponimika və ekologiyası haqqında maraqlı elmi məlumat toplanıb. Həmçinin Böyük Qafqaz, Lənbəgiz dağ silsilələri, Şahdağ, Babadağ yüksəklikləri, eyni zamanda bu ərazidən axıb keçən Pirsaatçay, Qozluçay, Ataçay, Cəngiçay, Sumqayıtçay, habelə bulaqlar – Qırxbulaq, Qələndər bulağı, Nabur bulağı, Böyük bulaq, Kiçik bulaq, Xaltava bulağı və digər şirin su mənbələri, qaynamalar, Şərqdə ta qədim zamanlardan su anbarı kimi istifadə olunan ovdanlar və kəhrizlər haqqında müfəssəl bilgilər verilib. Müəllifin təkbaşına topladığı çoxillik tədqiqat işinin məhsulu olan bu kitabda Qobustanın təbii su hövzələri, içməli su mənbələrinin tutumu, perspektivi və yerli əhəmiyyəti, çayların sahilboyu relyefi, geoloji xüsusiyyətləri, landşaftı barədə geniş və əhatəli məlumat verilib.
Kitabın ən maraqlı bölmələrindən biri də yerli köçəri heyvandarların – tərəkəmə və padarların həyat və məişəti ilə bağlı faktlardır. Nəşrdə bu barədə müəllif, demək olar ki, öz şəxsi tədqiqatlarına, müşahidələrinə, görüb-öyrəndiyi adət-ənənələrə, yaylaq-qışlaq həyatına əsaslanıb. Bir sözlə, o, böyük bir səylə köçəri heyvandarların məişətinin bütün incəliklərini ustalıqla qələmə ala bilib...
Qobustan kəndlərindən söz açan müəllif buradakı ərəb mənşəli elatlar barədə də məlumat verib. Kitabda Qobustanın müasir dövrümüzədək gəlib çatan bir çox yaşayış məskənləri, o cümlədən Ərəbqədim, Ərəbuşağı, Ərəbşalbaş, Ərəbşamlı kimi yaşayış məntəqələri, burada yaşayan insanların məşğuliyyəti, dünyagörüşü, adət-ənənələri barədə zəngin tədqiqat materiallarına rast gəlmək olur. Bu materialların çoxu müəllif tərəfindən toplansa da, onların bir qismi tarixçi N.Zeydlisin “Bakı Quberniyası” adlı kitabındakı faktlara, Qanstqauzenin, akademik Domun, Övliya Çələbi və digərlərinin əsərlərinə istinadən qələmə alınıb.
120 il bundan əvvəl çap olunan kitabda bir vaxtlar Rusiyanın mərkəzi quberniyalarından Qafqaza, o cümlədən Azərbaycana sürgün olunan molokanlar barədə də məlumatlar vardır. F.A.Deminskinin yazdığına görə, molokanlar Qobustanda çar Yekaterina zamanından məskunlaşıblar. Astraxanka, Qızmeydan, Xılmilli, Dzerjinovka, Rus Mərəzəsi, Kirovka, Maryovka, Çuxuryurd molokanların sıx məskunlaşdıqları yaşayış məntəqələri olub.
Onu da qeyd edək ki, kitabda tarixi hadisələr, əfsanə və rəvayətlər, folklor nümunələri, qədim inanc və etiqadlarla əlaqədar da xeyli rəngarəng faktlar əksini tapıb. Bu materialların içərisində yerli əhalinin yüz illər boyu inanıb etiqad etdikləri pir və ziyarətgahlar haqqında da məlumatlar yer alıb. Bunlardan Qobustan ərazisindəki Pirmərəz, Sofu Həmid, Diri Baba və digər ziyarətgahları göstərmək olar.
“Bakı Quberniyası Şamaxı qəzasının Qəbiristan polis sahəsi haqqında bəzi məlumatlar” kitabı elmi və tarixi baxımdan bu gün də əhəmiyyətini saxlamaqdadır.
Savalan Fərəcov