“İrs” beynəlxalq jurnalının alman dilində nəşri – “İrs/Erbe”nin yeni nömrəsi çapdan çıxıb. Nəşrdə əksər materiallar ənənəvi olaraq Azərbaycanın qədim tarixinə və mədəni irsinə həsr olunub.
Nəşrin baş redaktoru Musa Mərcanlının ön sözündə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən sonra aparılan bərpa-quruculuq işlərindən, bu torpaqların sakinlərinin doğma yurdlarına qayıdışının başlanmasından bəhs edilir.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin məqaləsi iki ölkə arasındakı diplomatik əlaqələrin bərpasının 30 illiyinə həsr olunub. Diplomat iki əsr əvvəl Almaniyanın indiki Baden-Vürtemberq federal torpağından insanların Azərbaycana köçməsindən söz açaraq, bunun xalqlarımız arasında tarixi təmasın başlanğıcı olduğunu vurğulayır.
Potsdamdan olan publisist Matthias Volk bu nömrədə dərc edilmiş yazıda Berlində soydaşımız Sevda Badaliurinin rəhbərliyi altında fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan mədəniyyət evi haqqındakı təəssüratlarını bölüşür, burada keçirilən musiqi axşamlarından söhbət açır.
Nəşrdə ən diqqətçəkən yazılardan biri moskvalı jurnalist Andrey Vasilyevin azad edilmiş Şuşadan həmyerlisi, fotoqraf Sergey Kivrin ilə birgə hazırladığı “Şuşa dəftərçəsindən qeydlər” adlı reportajdır. Şuşanın 270 illiyinə həsr edilmiş yazıda müəllif Pənahəli xan tərəfindən şəhərin əsasının necə qoyulmasından, Qarabağ xanlığının siyasətindən bəhs edir, həmçinin vaxtilə Qarabağ torpaqlarını da əhatə edən qədim Azərbaycan dövləti – Qafqaz Albaniyasının tarixindən söz açır. Qeyd olunur ki, Miladdan sonra IV əsrdə Qafqaz Albaniyasında xristianlıq qəbul edilib və bu səbəbdən də Qarabağda, onun ətrafında kilsə və monastırlar inşa edilib. Yazıda XIX əsrin birinci yarısında Rusiya tərəfindən Qarabağa köçürülən ermənilərin qədim alban məbədlərini öz adlarına çıxmaq cəhdlərindən də bəhs olunur.
Tarix elmləri doktoru Rizvan Hüseynovun məqaləsi isə azərbaycanlıların tarixi şəhəri İrəvana həsr olunub. Qeyd edilir ki, Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın əmri ilə 1511-ci ildə burada qala inşa etdirən sərkərdə Rəvanqulu xanın adı verilmiş (Rəvan qalasının adı Azərbaycan dilinin Qərb dialektinə uyğun olaraq sonradan İrəvan formasını alıb) tikili getdikcə böyüyərək strateji əhəmiyyətli şəhərə, bir qədər sonra isə xanlığa çevrilib. 1827-ci ildə Rusiyanın İrəvan xanlığını zəbt etməsindən sonra buraya köçürülən ermənilər rus çarlarının havadarlığı altında tədricən şəhərin Azərbaycan tarixini əks etdirən məscidlərini, bazar və meydanlarını, sonradan sərdarın (xanın) sarayını, bütöv müsəlman məhəllələrini və nəhayət, İrəvan qalasını dağıtmış, yerində yeni bina və meydanlar inşa etdirmişlər.
“İrs/Erbe” jurnalının yeni nömrəsində, həmçinin Sənubər Dostiyevanın Səfəvilər dövründə ölkəmizə yol tapmış və bu gün Azərbaycan Milli Muzeyində saxlanılan Avropa pul sikkələri haqqında məqaləsi, Gülrəna Qacarın Azərbaycan realist rəssamlıq məktəbinin yaradıcısı Bəhruz Kəngərlinin həyat və yaradıcılığı haqqında oçerki, Sabina Tumanskayanın Azərbaycanın müalicə su mənbələrindən danışan reportajı və digər yazılar alman oxucularına ölkəmizi tanıdır.