Yola saldığımız ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin (MSXƏEBM) 65 yaşı tamam oldu. İl ərzində mərkəzdə təşkil olunan müxtəlif tədbir və təqdimatlarda iştirak etdim. İlin sonunda da mədəni irsimizə yeni həyat verənlərin çalışdığı bu quruma təkrar baş çəkərək təəssürat yazısı yazmaq qərarına gəldim.
Mərkəzdə, sözün əsl mənasında, zərgər dəqiqliyi ilə işləyən, tariximizi, mədəni irsimizi sevən və ona həssaslıqla yanaşan bir kollektiv çalışır. Buradakı işgüzar mühit, səmimi ab-hava, xoş münasibət, əməkdaşların işlərinə sevgisi diqqətəlayiqdir. Kollektiv nə qədər qonaqpərvər və gülərüzdürsə, bir o qədər də işində dəqiq və məsuliyyətlidir. Çünki onlar xalqımızın çoxəsrlik tarixi-mədəni irsi, eləcə də sənət əsərlərinin bərpası ilə məşğul olur, rəngini itirən nümunələrə yeni həyat bəxş edirlər. Bəllidir ki, arxeoloji qazıntılar nəticəsində hər il yeni-yeni mədəniyyət nümunələri aşkara çıxarılır. Onların bəzilərinin, eləcə də muzeylərdə saxlanılan eksponatların da bir qisminin zaman-zaman bərpaya ehtiyacı yaranır. Bu baxımdan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyəti çox vacibdir. Bu kollektivin gördüyü işin əhəmiyyəti həm də mərkəzin yaranmasının 60-cı ilində (2017) Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bir qrup əməkdaş Azərbaycan bərpaçılıq sənətinə verdikləri töhfələrə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif ediliblər.
Hər dəfə mərkəzə daxil olarkən burada çalışan əməkdaşların ağ xalatda eksponatlar üzərində işlədiyini görəndə gözlərim önündə həkimin bir insanı müalicə edərək həyata qaytarması prosesi canlanır. Onlar da tarix yadigarlarını bərpa etməklə eksponatların ömrünü uzatmağa nail olurlar.
Hazırda mərkəzdə Elmi tədqiqat, Rəngkarlıq, Qrafika və Tətbiqi incəsənət olmaqla dörd şöbə fəaliyyət göstərir. Hər şöbənin də özünəməxsus iş üsulu var. Sahəsi o qədər də böyük olmayan bu mərkəzdə əməkdaşlar bir-biri ilə çox mehriban və səmimi davranırlar. Böyük tablo, yaxud hər hansı eksponat daxil olanda bir-birinə yer verir, şərait yaradırlar. Bu gün muzeylərimizdə maraqla baxdığımız bir çox tarixi irs nümunəsi məhz bu kollektivin zəhməti sayəsində ziyarətçilərə təqdim olunur.
Mərkəzin yaranma tarixi, iş prosesi barədə MSXƏEBM-in direktoru Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova ilə söhbətimizdə hər zaman kollektivdən razılığını eşitmişəm. Elə kollektiv də direktordan məmnunluq edib. Gənc kadrların işlərinə sevgi ilə yanaşması, peşəkarların səbirlə öz təcrübələrini bölüşməsi bu kollektivdə uğurlu işlərin ərsəyə gəlməsinin əsas səbəbidir. Hətta təqaüdə çıxan əməkdaşlar belə tez-tez mərkəzə baş çəkir və öz tövsiyələrini əsirgəmirlər.
Elmi Bərpa Mərkəzi respublikanın 225 aparıcı, ev, rayon tarix-diyarşünaslıq və s. muzey müəssisələri üçün bərpa xidməti göstərir. Bu illər ərzində mərkəz tərəfindən 30 minə yaxın müxtəlif növ muzey əşyası bərpa və konservasiya edilib. Bunların sırasında tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri, keramika, ağac əşya və işləmələr, musiqi alətləri, arxeoloji qazıntılardan əldə olunmuş əşyalar və s. vardır. Son iki ildə isə burada çalışan bərpaçıların işi ikiqat sevinc və kədərlə yüklənib, desək, yanılmarıq. İlk növbədə, 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra bərpaçılar şəhidlərimizə məxsus əşyaları da bərpa edirlər ki, bu, onlar üçün qürurverici olduğu qədər, həm də hüzn yaradır. Digər tərəfdən isə torpaqlarımız azad edildikdən sonra Şuşa və Qarabağa məxsus minlərlə eksponat bərpa edilərək aidiyyəti üzrə təhvil verilib. Təkcə yola saldığımız “Şuşa İli”ndə mərkəzdə rayon və şəhər muzeylərinə məxsus 2073 eksponatın bərpa prosesi həyata keçirilib. Bu eksponatların hər biri bərpaya daxil olduğu zaman özü ilə maraqlı informasiyalar gətirir. Eksponatlar barədə əldə edilən yeni informasiyalar sonradan aid olduğu sahə üçün yeni sübutlara və tarixi faktlara çevrilir.
Hər bir eksponat bərpa prosesində bir sıra mərhələlərdən keçirilərək həyata qaytarılır. Eksponatlar yuyulub təmizlənir, müxtəlif məhlullarla üzərində işləmə aparılır, müvafiq rəng və saplar seçilir və s. Əməkdaşlar muzey sərvətlərinin orijinallığına xələl gəlməsin deyə işlərini zərgər dəqiqliyi, böyük səbir və sevgi ilə görürlər... Bərpa üçün gətirilmiş hər hansı sənət nümunəsi və ya əşya, ilk növbədə, dezinfeksiya olunur, onun adına elmi pasport açılır, gətirildiyi vəziyyətdə fotosu çəkilir. Mərkəzin alim, sənət adamları və mütəxəssislərdən ibarət Elmi bərpa şurası bərpaçılara zəruri tövsiyələr verir. Mütəxəssislər bərpa metodunu müəyyənləşdirəndən sonra bərpaçılar həmin əsər üzərində işə başlayırlar. Daxil olan məmulata müdaxilə etmək qəti qadağandır. Elə buna görə də bəzən bərpa prosesi aylarla, illərlə davam edir. Hər hansı bir əşyanın sıradan çıxmış hesab edilməsi üçün bərpaçılar rəy verməlidirlər. Əgər eksponat 70 faizdən çox zədələnibsə, yalnız bu zaman rəy yazmağa icazə verilir. Bura daxil olan tikmələri yenidən yaşatmaq üçün parça yapışqanı, sap və s. bəzən xarici ölkələrdən əldə edilir.
Əgər əvvəllər mərkəzdə musiqi alətlərinin təmiri zamanı təkcə görünüşün bərpasına diqqət yetirilirdisə, hazırda alətlərin səsinin orijinallığına önəm verilir. Bu günlərdə (28 dekabr) Milli İncəsənət Muzeyində Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə açılan sərgidə mərkəz tərəfindən bərpa olunan Xan qızına məxsus geyim nümunələri də təqdim edilirdi. Tədbirdə mərkəzin elmi işlər üzrə direktor müavini İranə İbrahimova bizimlə söhbətində dedi ki, bu işlə məşğul olanlar geniş dünyagörüşünə, dərin biliyə malik olmalı, ən əsası isə sənəti sevməlidir. Eksponatlar muzeydə nə qədər yaxşı mühafizə olunsa da, vaxt öz sözünü deyir. Nə vaxtsa eksponatların bərpaya ehtiyacı yaranır.
Qeyd edək ki, respublikamızda muzey sərvətlərinin elmi bərpasına başlanılması XX əsrin 50-ci illərinə təsadüf edir. MSXƏEBM-in əsası professional bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. O, 1957-ci ildə R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində ilk bərpa emalatxanasını açıb. 80-ci illərdə emalatxanaya mərkəz statusu verilib və bədii irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan bərpaçılar bir araya gəliblər.
Hazırda Elmi Bərpa Mərkəzi dünyanın bir sıra ölkələrindəki bənzər qurumlarla və bu sahədə çalışan sənətkarlarla əlaqələr qurub, təcrübə mübadiləsi aparır. Mərkəz həmçinin ICOM (Beynəlxalq Muzeylər Şurası) və ICCROM (Mədəni Sərvətlərin Mühafizəsi və Qorunması üzrə Beynəlxalq Mərkəz) kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir.
Respublikamızda fəaliyyət göstərən muzeylərin kolleksiyalarına daxil olan maddi mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan eksponatların taleyi etibarlı əllərdədir...
Lalə Azəri