2, 3 və 4 yanvar tarixlərində Heydər Əliyev Sarayında uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunub. Yeni ilin sevilən personajları uşaqları mahnılar, rəqslər, oyunlar və Yeni il zarafatları ilə sevindiriblər.

Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatıb. Maraqlı süjet xətti ilə fərqlənən tamaşa uşaqları sevindirib. Onlar sehrli nağıl dünyasına səyahət ediblər.

Şənliyin xüsusi qonaqları – Xalq artistləri Faiq Ağayev, Miri Yusif və müğənnilər Murad Arif, Natəvan Həbibi, Azad Şabanov və Nadir Rüstəmli uşaqların bayramlarını təbrik edib, musiqi hədiyyələrini təqdim ediblər.

Yeni il şənliklərində uşaqlar tamaşaçı foyesində Şaxta baba və digər nağıl qəhrəmanları ilə şəkillər çəkdiriblər.

Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu şənlikdə də Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin uşaqlarına, uşaq evlərinin sakinlərinə və əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırıb.