Bu məsələ “Turizm haqqında” qanunda da əksini tapıb
   
   Sığorta hər bir insanın sağlamlığının və rahatlığının təminatıdır. Özəlliklə yad ölkəyə gəzməyə, turist səfərinə gedən şəxs üçün sağlamlıq sığortası olduqca vacibdir. Təsadüfi deyil ki, turizm şirkətləri tərəfindən təqdim edilən turpaketlərın əsas bəndlərindən biri sığorta ilə bağlıdır. Bəs bu sığorta hansı prosedurlarla həyata keçirilir və ümumiyyətlə, turistə şirkət tərəfindən təklif edilən sığorta hansı üstünlükləri verir?
   
   Öncə onu qeyd edək ki, xarici ölkələrdə insanlar turist səfərinə çıxdıqları zaman bu məsələyə ciddi önəm verirlər. Hətta hansı sığorta şirkəti tərəfindən və hansı məbləğdə sığorta olunmaları onlar üçün əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycandakı vəziyyətlə tanış olmaq üçün ekspertlərə müraciət etdik.
   
   Turistə 30 min avroya qədər sığorta pulu ödənilə bilər
   
   Azərbaycan Turizm İnstitutu Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalovun sözlərinə görə, xarici ölkələrdə turistlər səfərə çıxarkən turizm şirkətinin təklifini gözləmədən sığorta olunurlar: «Azərbaycanlı turistlərlə bağlı, təəssüf ki, bunu söyləmək mümkün deyil. Odur ki, bizdə bu məsələ daha çox icbari xarakter daşıyır. Xüsusilə Avropa Birliyinin “Şengen zonası” ölkələrinə sığorta olunmadan viza verilmir. Ümumiyyətlə, hər bir insanın xaricə səfəri zamanı müxtəlif problemlərlə üz-üzə qalmaması üçün sığorta olunması vacib şərtlərdən biridir. Turizm şirkətləri tərəfindən müştəriyə təqdim edilən turpaketdə mütləq sığorta da yer almalıdır. Amma bəzi hallarda bizim vətəndaşlar 10-15 manata qənaət etmək üçün sığorta olunmaqdan imtina edirlər. Bu da nəticədə onların səfər zamanı xəstələndikdə və yaxud səhhətləri ilə bağlı digər problemlə üzləşdikdə qat-qat daha böyük məbləğdə xərcə düşməsinə səbəb olur. «Sığorta polisi»ndə vətəndaşın səfər zamanı aldığı xəsarətin ağırlığından və yüngüllüyündən asılı olaraq, turistə 30 min avroya qədər pul ödənilməsi nəzərdə tutulur. Turistlərin sığortalanması sığorta və turizm şirkətləri arasında müqavilə əsasında həyata keçirilir».
   Həmsöhbətim deyir ki, turistlərin sığortalanması turizm şirkətlərinin qarşısına artıq bir şərt kimi qoyulub: «Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri ölkədən xaricə və yaxud ölkə daxilində bir yerdən başqa yerə göndərdikləri vətəndaşları mütləq sığorta etməlidir. Bu məsələ «Turizm haqqında» qanunda da əksini tapıb. Turpaketlərə daxil edilən sığortanın miqdarı isə səfər olunan ölkədən və gündən asılıdır».
   Bəs səfər zamanı səhhətində problem yaranmış şəxsə sığorta şirkəti hansı formada kömək edir? Mütəxəssisin sözlərinə görə, bu zaman turist «Sığorta polisi»ndə qeyd edilən beynəlxalq əlaqələndirici qurumun telefonuna zəng edib hadisə haqqında məlumat verir. Bundan sonra əgər səhhətindəki problem ciddi deyilsə və çəkilən xərc azdırsa, razılaşma əsasında məbləği turist özü ödəyir. Sonra sənədləri sığorta şirkətinə təqdim edib pulunu geri alır. Yox, əgər xərclər iri məbləğdirsə və turistin onu ödəmək imkanı yoxdursa, sığorta şirkəti tərəfindən xərclər xəstəxananın hesabına ödənilir”.
   
   «Sığorta polisi» turistin yol yoldaşıdır
   
   “Millennium Tourism&Congress DMC” şirkətinin direktoru Ruslan Quliyev səfərə çıxarkən insanların sığortalanmasının onların özü üçün çox sərfəli olduğunu bildirdi: “Xarici ölkələrdə hər kəs turist səfərinə çıxmazdan öncə mütləq maraqlanır ki, harada sığortalanıb. Bizdə isə bu istiqamətdə maarifləndirmə işi lazımi səviyyədə qurulmadığından, vətəndaşlarımız sığorta olunmağa o qədər də maraq göstərmirlər. Halbuki «Sığorta polisi» hər bir turistin yol yoldaşıdır, köməyidir. Bütün turizm şirkətlərinin borcudur ki, hazırladıqları turpaketə mütləq sığortanı da daxil etsin. Burada müxtəlif limitlər var və sığortalar da A, B, C zonalarına ayrılır. Bu da səfər edilən ölkələrdən asılıdır”.
   Şirkət rəhbəri onu da bildirdi ki, səfər zamanı hər hansı xoşagəlməz hadisə və ya qəza baş verdiyi zaman turistin aldığı xəsarətin xərcini sığorta şirkəti ödəyir. Hətta turistin getdiyi ölkədə başına hər hansı faciəli hadisənin gəlməsi, hətta girov götürülməsi halları da sığorta qaydalarında öz əksini tapıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar