Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə geniş anlamda diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

***

(əvvəli ötən sayımızda) 

1971-ci il 19 mart

 

Heydər Əliyev Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) 50 illiyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən təntənəli yığıncaqda iştirak edib.

 

1971-ci il 1 aprel

 

Moskvada Sov. İKP-nin XХIV qurultayında nitq söyləyən Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev respublikada mədəniyyət sahəsinin inkişafından da söz açıb. Heydər Əliyev qurultayda SSRİ-nin ali partiya orqanı – Sov. İKP MK-nın üzvü seçilib.

 

1971-ci il 15 aprel

 

Azərbaycan SSR-yə SSRİ Nazirlər Sovetinin və Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının keçici “Qırmızı bayrağı”nın təqdim edilməsi mərasimində nitq söyləyən Heydər Əliyev respublikada mədəni-maarif işindən, bu sahədə qarşıda duran vəzifələrdən də bəhs edib.

 

1971-ci il 3 iyun

 

Heydər Əliyev Azərbaycan yazıçılarının V qurultayında nitq söyləyib. Qeyd etmək lazımdır ki, Heydər Əliyev 1971-ci ildən başlayaraq, bir qayda olaraq, Azərbaycan yazıçılarının qurultaylarında iştirak edib. O, proqram xarakterli nitqlərində ədəbiyyatın xalqın və ölkənin taleyində rolu barədə fikirlərini bölüşüb, ədəbiyyat xadimlərini ictimai həyatda fəal mövqe tutmağa çağırıb.

“Azərbaycan ədəbiyyatı həmişə xalqın həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır. Ədəbiyyat bədii sözün gözəl nümunələrini yaradaraq zəmanəmizin yüksək romantikasını, xalqın döyüş rəşadətini, onun fədakar əməyini tərənnüm edir...

Yazıçı xalq üçün yaradır, öz kitablarını xalqa təqdim edir, buna görə kütlələrlə, oxucularla görüş, bilavasitə yaxınlıq ona xüsusilə coşqun ilham verir...

Biz istəyirik ki, yazıçılarımızın yaradıcılığı respublikanın ictimai-siyasi həyatı ilə sıx bağla olsun, onlar həyatdan ayrılmasınlar, kəskin problemlərdən və məsələlərdən kənara çəkilməsinlər, əksinə, həmişə hadisələrin qaynağında olsunlar...

Biz arzu edirik ki, yazıçılar öz yaratdıqları əsərlərə zamanın və günün tələbləri zirvəsindən qiymət versinlər...

Kim el sənətkarlarının bir-birinə qayğısını, diqqətini, öz peşəsinin sirlərini gənclərə necə həssaslıqla öyrətdiyini görübsə, yəqin ürəyində deyib: eşq olsun o sənətkara ki, öz yaradıcılığının məhdud çərçivəsində qapanıb qalmır, təkcə öz yaradıcılıq taleyini deyil, böyük sənətin gələcəyini düşünür...

Xalq öz təsəvvüründə yazıçının yaradıcılığını onun şəxsiyyətindən heç vaxt ayırmır. Oxucular üçün sənətkarın sözü və əməli, onun əsərləri və şəxsi idealı – qırılmaz vəhdətdir.

Biz yazıçıya insan qəlbinin mühəndisi deyirik. Bu adı doğrultmaq lazımdır...”.

***

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk ilindən mədəniyyət və incəsənətə diqqətin artması, bu sahədə mühüm xidmətləri olmuş insanların xatirəsinin ədəbiləşdirilməsi, yaradıcı əməyin qiymətləndirilməsi dövlət səviyyəsində müvafiq qərarlarda əksini tapıb.

 

1969-cu il 30 sentyabr

 

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti görkəmli Azərbaycan artisti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək məqsədilə qərar qəbul edib. Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilib.

 

***

 

1969-cu ildə, həmçinin respublikada elm və texnikanın, ədəbiyyat, incəsənət və arxitekturanın daha da inkişaf еtdirilməsinə həvəs oyatmaq məqsədilə, dövlət tərəfindən bəyənilməyə layiq olan elmi işləri və yaradıcılıq işlərini layiqincə və geniş surətdə mükafatlandırmaq lüzumunu nəzərə alaraq, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Azərbaycan SSR dövlət mükafatlarının təsis olunması haqqında qərar qəbul edilib.  Elm və texnika sahəsində – dörd mükafat (elm üzrə iki, texnika üzrə iki), ədəbiyyat, incəsənət və arxitektura sahəsində – üç mükafat, o cümlədən uşaqlardan ötrü yazılmış ədəbiyyat və incəsənət əsərləri üçün bir mükafat təsis edilib. Qərara əsasən, hər biri 2500 manat məbləğində müəyyən edilən mükafatlar Azərbaycan SSR dövlət mükafatları komitələrinin təqdimatı ilə iki ildə bir dəfə verilirdi. Mükafatçılara diplom və döş nişanı təqdim edilməklə “Azərbaycan SSR Dövlət mükafatı laureatı” adı verilirdi.

 

1970-ci il 21 may

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan xoreoqrafiya sənəti sahəsində xidmətlərinə görə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakı ilə əlaqədar olaraq M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı işçilərinə Azərbaycan SSR-in fəxri adları verilib: balet artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov – Xalq artisti; baş dirijor Rauf Abdullayev – Əməkdar incəsənət xadimi; balet artistləri Çimnaz Babayeva, Vladimir Pletnov, Tamilla Şirəliyeva – Əməkdar artist.

Bundan əlavə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Parisdə beynəlxalq rəqs festivalında iştirak etmiş yaradıcı heyət üzvləri Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

Hazırladı: V.Orxan

(davamı var)