Cahangir Novruzov: “Məhz teatrı sevən, ona lazım olan insanları saxlamaq və çalışdırmaq gərəkdir”

 

Həmsöhbətim Xalq artisti, tanınmış aktyor, rejissor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovdur. Sənətkarla ötən il noyabrın sonlarında, “4.4” Qısa Tamaşalar Festivalının dəvətlisi kimi Bakıda olarkən görüşmüşdük. Söhbətin üstündən bir xeyli keçsə də, mövzusu köhnəlməyib...

 

– Cahangir müəllim, söhbətimizə elə “Azərbaycan teatrı bu gün” mövzusundan başlayaq.

– Danışaq. Bəzən bizdə, burada teatrımızın vəziyyətini pisləyib bədbin sözlər danışırlar. Mən razı deyiləm. Hər şeyi yaşanan kataklizmlərlə ölçmək lazımdır. Vəziyyət təkcə burada belə deyil. Pandemiyanın sənətə, təhsilə, mədəniyyətə, iqtisadiyyata vurduğu zərbələri nəzərə alsaq, bunu heç də kiçik olmayan müharibə və onun nəticələri ilə müqayisə edə bilərik. Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxt ölkəmizdəki, demək olar ki, bütün teatrların binası təmirdə idi. O zaman mən indiki Akademik Musiqili Teatrın bədii rəhbəri idim. Ümumən teatrlarımızın binaları bərbad idi. Təmirlər uzun çəkirdi. Nəticədə nə oldu? Teatr ilə tamaşaçı arasındakı əlaqə qırıldı. Bunun nəticəsini sonra teatrımız, mədəniyyətimiz ağır ödədi...

 

– Amma yenə də müstəqillik dövrü teatr həyatımız ağır olsa da, qaynar idi. Hətta bir neçə müstəqil teatr da yaranmışdı.

– Yarandı, yaşayanı da oldu, ömrü qısa olanı da. O proseslər baş verməsəydi, indiki mənzərə də olmazdı.

 

– Musiqili Teatrda baş rejissor da işlədiniz...

– Mən baş rejissor olduğum zamanlar bu teatrın tarixində olmayan şeylər baş verdi. Teatrın ən gözəl çağlarında – Şəmsi Bədəlbəylinin, Süleyman Ələsgərovun çalışdığı illərdə belə burada iki-üç tamaşa hazırlanırdı. Mən bura gəldikdən sonra bir il üç ayın içərisində dörd tamaşa hazırladım, beşini də əsaslı bərpa etdim. Təsəvvür edin ki, bunlar bir baş və iki köməkçi rejissorla görülən işlər idi. Özü də məşqlərimiz otaq boyda yerdə, zirzəmi və dəhlizdə olub. Demək olar ki, günlərim burada keçirdi. Sonra o zamankı rəhbərliklə işləyə bilməyəcəyimi anladım və öz ərizəmlə getdim. Nazirlik məni buraxmamaq üçün başqa bir teatrın rus bölməsinə baş rejissor təyin etdi. Sonrasını da ki bilirsiniz.

 

– Bu gün bəzən “teatr var, truppa yoxdur”, yaxud da bunun əksi ilə bağlı fikirlər səsləndirilir.

– Teatrın öz qanunları var. Öncə truppa yaranır. Məsələn, bir neçə yaradıcı insan toplanır, bir tamaşa, yaxud hər hansı performans təqdim edir. Tamaşaçı tərəfindən qəbul edilir, sevilir. Burada qəliz heç nə yoxdur. Eksponat olmayandan sonra dəbdəbəli muzey binası kimə lazımdır?

 

– Bu gün teatrımızda nə çatışmır?

– Çox şey. Tamaşalara, teatrların başqa vəziyyətinə görə deyirəm. Elə bilməyin ki, məlumatsızam. Paytaxtdan bölgəyə əksər teatrların işlərini izləmişəm, proseslə tanışam. Təzə binalar, texniki avadanlıqlar hamısı var. Amma əsas olan yaradıcı heyət qənaətbəxş deyil. Götürək elə vaxtilə çalışdığım Akademik Musiqili Teatrı. Bu gün dünya səviyyəli təmirli, dəbdəbəli, hər cür şəraiti olan binada kadr qıtlığı yaşanır. Sopranolar, tenorlar, altlar, baritonlar yoxdur. Varsa da, yaxşısı deyil. Çünki yaxşıları Akademik Opera və Balet Teatrına gedir. Tutarlı, maraqlı layihələr etmək olar. Məhz teatrı sevən, ona lazım olan insanları saxlamaq və “işləməyən dişləməz” prinsipi ilə çalışdırmaq lazımdır. Teatr vaxt öldürmək yeri olmamalıdır. Sərf olunan əməyə, potensiala, yaradıcılığa, görülən işin nəticəsinə görə maddi təminat verilməlidir. Məhz sənətini göstərənə, peşəsindən qazanıb qazandırana diqqət etmək lazımdır.

 

– Bəlkə başqa təcrübələrdən də öyrənək?

– Mən burda yoxam axı (gülür). Öyrənmək istəyənlər öyrənsinlər. Azərbaycanda və Rusiyada təhsil almışam, ustadlardan öyrənmişəm. Bunları niyə deyirəm? Öyrənməkdən yorulmamışam, bezməmişəm. Rusiyaya təhsil almağa gedəndə Şəki teatrının baş rejissoru idim. Rusiyanın teatrlarında tamaşaların tərtibat işinə baxıram həsəd aparıram, qısqanıram. Deyirəm niyə bizdə də olmasın. Başladım o məsəlləri də öyrənməyə. Yadımdadır, fasilələrlə düz dörd il bir rus bədii quruluş hissə müdirinin yanına Moskvaya getdim... Bu gün rahatlıqla deyə bilərəm ki,  teatr necə işləyir, necə “alınıb-satılır”.

 

– Siz deyənlərdən reallığa qayıtsaq, problemlər içində itib-batmaq olar.

– Sadə bir məsələni deyim: festival müddətində baxdığım bəzi tamaşalarda özümə sual verirdim ki, görəsən, bu qarşımda gördüyüm insan necə aktyor olub gəlib teatra düşüb.

 

– Cahangir müəllim, bizdə xüsusən bölgə teatrlarında peşəkar aktyor problemi var...

– Bilirəm. Amma qoy, az olsun, amma öz olsun, daha yaxşısı olsun prinsipinin tərəfdarıyam. 

 

– Belə çıxır ki, siz bu qədər teatr olmasının tərəfdarı deyilsiniz?

– Yox, qətiyyən, əksinə. Azərbaycan mədəniyyətini öldürmək, onu böyrü üstə qoymaq üçün Stalin rejimi bir gecədə 24 teatrı bağlamışdı. Onların sırasında Şəki teatrı, Tiflis və İrəvandakı Azərbaycan teatrları da var idi. Teatr tariximizə adı qızıl hərflərlə yazılan aktyor, rejissor nəsli həm də o teatrlardan gələnlər idi. Eləcə də bölgələrdən gələnlər. Ona görə də bölgə teatrlarına elə yanaşmaq olmaz.

 

– Bu gün kadrlar bölgəyə getmək istəmirlər. Diplomunu əlinə alan hesab edir ki, akademik teatrda çalışmalıdır.

– Çox nahaq. Mən Musiqili Komediya Teatrında işləyə-işləyə Şəki Dövlət Dram Teatrına təyinatımı istəmişəm və getmişəm. Bilmək istəyirəm, məgər Şəki, Gəncə, Lənkəran, Mingəçevir Azərbaycan şəhərləri deyilmi? Mən Şəkidə 10 il işlədim. Xəncərimin qaşı düşdü?! İndi oturub teatrın o dövrünü analiz etmək istəmirəm. Bu gün fədailər çatışmır. İşləmək, əziyyət çəkmək istəyənlər azdır.

 

– Dövr başqadır, münasibətlər fərqlidir...

– Yaxşı, soruş gör, mən niyə buradakı hazır işimi, rahatlığımı qoyub Şəkiyə getdim?

 

– İnsanların inqilabçı düşüncələri olur axı. Xüsusən gənclikdə dünyanı çiyinlərdə apara bilmək kimi əzmi də əlavə etsək...

– İnqilabı qoy o yana. Kitab cümlələri ilə başımı qatma (gülür).  Çünki mənim universitetdə bir kursum var idi və biz yalnız sənət üçün işləyirdik. Getmək onda da asan deyildi. Mən gedəndə bu teatrın guruldayan vaxtıydı. Amma özümə bir yol cızmalı, seçilməliydim. Nə etdim? Şəki teatrında tapdım yolumu. Ora laboratoriya idi. Ancaq o teatrdakı fenomenallıq buradan yox, yalnız Moskvadan göründü. Bu, məni ömrü boyu ağrıdıb düşündürəcək. Sadəcə, o gərgin xatirələrə qayıtmaq istəmirəm. Düşünürəm ki, bölgə teatrlarını laboratoriya vəziyyətində işlətmək, yaxşı potensiallı truppalar formalaşdırmaq olar.

 

– Müzakirələrin mərkəzində daha çox rejissor həmkarlarınız da durur. Məsələn, aktyor potensialı var, amma rejissor yoxdur...

– Birmənalı demək olmaz. Düzdür, potensialından istifadə olunmadan dünyadan köçən aktyor nəsli oldu. Məsələn, Nəsibə Zeynalovanı yalnız qayınana kimi komik obrazlarda oynadıb, dramatik potensialından istifadə etmədilər. Əslində, o, güclü dramatik aktrisa idi. Sadəcə, Azərbaycan rejissorlarının intellektual səviyyəsi onu ayrı ampluada istifadə etməyə çatmadı. Bu gün də həmin vəziyyətdir. Biz hələ də özümüzü aynada əyri görürük, amma susuruq. Üzdə alqışlayıb, arxada danışmaqdansa, dur onun cəhdini alqışla və yanlışlarının aradan qalxmasına kömək et...

 

– Bizim teatrımızda siz deyən cəsarət çatışmır?

– Yox, həm də insanımızda səmimiyyət çatışmır, məncə. Teatr isə cəsarəti sevir. Yalan vicdanı şikəst edir. Sən yalan danışıb məni aldada bilərsən, amma içində mütləq xal qalacaq.

 

– Teatr və onun problemlərindən danışanda daim rejissor-dramaturq-aktyor üçbucağı ağıla gəlir.

– Sözsüz. Problemlər, bu üçlüyün vəziyyəti heç vaxt stabil olmaz, zaman-zaman dəyişər. Bizlər bu şərtlərin məhsuluyuq. 

 

– Aktyor, rejissor, pedaqoq kimi tanınan Cahangir Zeynalov bu gün yalnız pedaqogika ilə kifayətlənir...

– Mən teatr rejissoru, aktyoru olaraq elə bilirəm ki, öz yaradıcılığımda uğurlu və bir az da sevilən olmuşam. Amma bu gün yalnız pedaqoqam. Türk qardaşlarımızın sənət təhsilinə bacardığım qədər kömək etməyə çalışıram. Müəllimlərimdən öyrəndiklərimi əlavə bilgilərimə qataraq yeni nəslə öyrətməyə çalışıram və bundan çox məmnunam.  

 

– Yeni nəsillə bağlı müqayisəniz maraqlı olardı.

– Orada da oxumaqdan qaçmaq problemi var. Odur ki, dərsim bəzən 8 saat çəkir. Anladıram, danışırıq, müzakirə edirik. Tələbələrimi daha çox yükləyirəm. Kurs bitənə qədər onlarla kitab oxuyurlar, araşdırırlar.

Söhbətləşdi: Həmidə Nizamiqızı