ABŞ-da tanınmış türkoloqun kitabı nəşr olunub

 

Türkologiya sahəsində tanınmış alim, ABŞ-nin Berkli və Stenford universitetlərində mühazirələr oxumuş A.Sanduçinin “Qədim alimlər türk xalqları haqqında” kitabı ABŞ-da “World Scholarly Press” tərəfindən iki cilddə nəşr olunub.

Monoqrafiyada “türk” etnonimi, eləcə də ən qədim dövrlərdən başlayaraq türklərin daşımış olduğu müxtəlif adlar barədə yığcam məlumat verilir. Əsərdə latın əsaslı müasir türk əlifbası beynəlxalq ingilis əlifbası ilə müqayisədə təqdim edilir. Bu da əsərdə sıx-sıx verilmiş türk sözlərinin oxucuya mümkün qədər düzgün fonetik tərkibdə çatdırılması məqsədi daşıyır.

Çoxsaylı, çoxdilli mənbələrə əsaslanmış monoqrafiyasında türklər (və türkologiya) üçün artıq müəyyənləşmiş, mübahisə doğurmayan məsələlərdən bəhs etməklə yanaşı, olduqca mübahisəli, polemik problemlərə geniş yer verir. Tövrata görə tarixşünaslığı araşdırılır, bu qədim etnosun tanrıları, ana yurdları və ilkin tayfa diferensiasiyası barədə təsəvvür yaradılır, türk tayfalarının qədim əlaqələrinə, etnik inteqrasiya məsələlərinə diqqət ayrılır.

Türk və İran tarixşünaslığında tamamilə əks mövqelərdən yanaşılmış Midiya məsələsini A.Sanduçi bir türkoloq olaraq həll edərək göstərir ki, midiyalılar türk mənşəli olublar. Müəllif eyni fikri skiflər, saklar, parfiyalılar, baktriyalılar, hunlar, sarmatlar və başqa xalqlar haqqında da deyir və bu zaman, təbii ki, qədim müəlliflərin mötəbər mülahizələrinə istinad edir.

Zəngin linqvistik, arxeoloji, etnoqrafik və s. materialların yer aldığı kitabda türklərin əlifba və yazı mədəniyyətindən də bəhs edilir. Kitabda son dövrlərdə türkologiyada xüsusi aktuallıq qazanan qədim Amerika türklərindən də söz açılır.