İstirahət mərkəzləri münasib qiymətlər vəd edir
   
   2012-ci ilin yay turizm mövsümünün rəsmi açılış mərasimi iyunun 14-nə planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən qəzetimizə verilən məlumata görə, «Jumeirah Bilgah Beach Hotel»də baş tutacaq tədbirdə Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin, mehmanxana və turizm şirkətləri rəhbərlərinin iştirakı nəzərdə tutulur. Mövsümün açılışında həmçinin www. azerbaijan.travel saytının və «Taym aut» bələdçi kitabının təqdimatının da keçirilməsi nəzərdə tutulur. 

   Məlumatda o da qeyd olunur ki, Azərbaycanda yay mövsümü hava şəraitindən asılı olaraq iyunun ortalarından başlayıb, sentyabrın sonuna qədər davam edir. Hər il mövsümqabağı Mədəniyyət və Turizm Nazirliyinin Monitorinq Qrupu respublikanın regionlarında fəaliyyət göstərən turizm obyektlərində müxtəlif istiqamətlərdə monitorinqlər keçirir və onların yeni mövsümə hazırlıq səviyyələrini yoxlayır. Bu il də belə monitorinqlərin keçirilməsi planlaşdırılır: “Əldə edilən nəticələrə uyğun olaraq nazirlik tərəfindən müvafiq addımlar atılır. Belə tədbirlərdən biri də turizm potensialının yüksək olduğu regionlarda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün xidmət səviyyəsinin artırılması məqsədilə keçirilən treninq-kurslardır».
   
   Bölgələrdəki istirahət məkanlarında qiymət artımı olmayacaq
   
   Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovun sözlərinə görə, hər il olduğu kimi, bu yay mövsümündə də insanlar daha çox dənizkənarı ərazilərə, səfalı meşələri olan bölgələrə getməyə üstünlük verəcəklər. Ölkə daxilində dincəlmək istəyənlərin əsasən Xaçmaz, Quba, Şamaxı, Qəbələ, Şəki, eləcə də cənub bölgəsinə üz tutacağı gözlənilir: «Azərbaycandakı turizm xidmətlərinin qiymətləri ötən ilə nisbətən artmayıb və artması da gözlənilmir. Bölgələrdə yüksək səviyyədə dincəlmək istəyənlər üçün 1 həftəlik istirahət 210 manata başa gələcək. Bu qiymətə gündəlik səhər yeməyi də daxildir. Nabranda dincəlmək istəyənlər günü, səhər yeməyi də daxil olmaqla, 30 manata qonaq evində yerləşə bilərlər. Hesab edirəm ki, turistlər üçün bu qiymət münasibdir».
   Assosiasiya sədri qeyd etdi ki, bu il yay aylarında Azərbaycan turistlərinin xaricdə dincəlmək üçün seçdikləri ölkələrin coğrafiyası da genişlənəcək. 2012-ci ildə bir neçə istiqamət üzrə yeni çarter reyslərinin açıldığını deyən N.Bağırov bildirdi ki, buraya Xorvatiya və Krım da daxildir. Ümumilikdə isə bu il də yay mövsümündə Azərbaycan turistləri dincəlmək üçün daha çox Türkiyəyə üz tutacaqlar: “Turistlərin daha çox üstünlük verdiyi Antalyaya da həm «AZAL», həm də «Türk Hava Yolları»nın xətti ilə birbaşa reyslər var. Ötən ilə nisbətən bu il yay turizm mövsümü üçün birbaşa uçuşların qiymətləri aşağı salınıb. Bu da müştərilər üçün əlverişlidir».
   Bununla bərabər, N.Bağırov hesab edir ki, 2012-ci ilin yay turizm mövsümündə azərbaycanlı turistlər üçün Asiyanın cənub-şərq ölkələri də populyar olacaq. Bunun da səbəbi «Qatar Airways» şirkəti tərəfindən Doha-Bakı birbaşa aviareysinin açılması ilə bağlıdır: «Azərbaycanlı turistlər daha kreativ olublar, onları artıq standart istiqamətlər qane etmir, yeni ölkələr görmək istəyirlər. Əvvəllər bizim turistlərimiz Asiya ölkələrinə çox həvəssiz gedirdilər, çünki çoxlu yer dəyişirdilər və aeroportlarda çox gözləmək məcburiyyətində qalırdılar. İndi isə Qətərin paytaxtı Dohadan keçməklə Tailand, Malayziya, Sinqapur, Maldiv adaları, Asiyanın istənilən yerinə çatmaq daha asan olacaq. Buna görə də Asiya turistlər üçün populyar olacaq. Bunun bir səbəbi də Şimali Afrikada kurortların populyarlığının azalması ilə bağlıdır».

   Fəxriyyə Abdullayeva