Mədəniyyət paytaxtımız Şuşanın tanınmış simaları arasında ötən əsrin birinci yarısında şöhrəti ölkəmizin hüdudlarını aşan xanəndə Məcid Behbudovun da adı var. Bu il anadan olmasının 150 illiyi tamam olan sənətkar həm də Azərbaycanın musiqi salnaməsinə Rəşid Behbudov kimi görkəmli müğənni bəxş edib.
Məcid Behbudalı oğlu Behbudov 18 aprel 1873-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. Atasını vaxtsız itirdiyi üçün ailənin qayğıları Məcidin üzərinə düşür. Bu səbəbdən də bir sənət sahibi ola bilmir. Sonra bir tacirin yanında satıcılıq edir. Şəhərin küçə və məhəllələrində arşın malı satmağa başlayır. Onun küçələrdən keçərkən “ay arşın malı alan!” – deyib avazla oxuması, səsinin məlahəti sakinlərin diqqətini cəlb edir. O həm də şəhərin din xadimlərinin maraq dairəsinə düşür. Yuxarı Gövhər ağa məscidində minacat verməyə dəvət olunur. Tez-tez musiqi məclislərində və el şənliklərində oxuyur. Sənətin çətin, enişli-yoxuşlu cığırları ilə irəliləyir. Lakin arşınmalçılıq onun gündəlik çörəkağacına çevrildiyindən bu işdən ayrıla bilmir.
Bir gün Məcid yenə arşın malı satmağa gedir. Gəlib səsli-küylü bir imarətin qabağında dayanır. Arşınmalçının səsinə ev sahibəsi qapını açır. Onu içəri dəvət edir. O, həyətə daxil olanda qarşısına gənc, gözəl bir qız çıxır. Qız öz gözəlliyi ilə Məcidin qəlbini əsir alır. Onlar bir-birinə qoşulub Tiflis şəhərinə gedirlər. Burada Məcid arşınmalçılığın daşını atır, başlayır xanəndəlik etməyə. Gənclərin bu hərəkəti uzun müddət şuşalıların söhbət mövzusu olur. Hətta bu hadisə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaddaşında da iz salır. Sonralar məşhur “Arşın mal alan” (1913) operettasının qəhrəmanı Əsgərin timsalında Məcid Behbudovun obrazını yaradır.
Onu da qeyd edək ki, Firuzə adlı bu qız polkovnik Abbasqulu bəy Vəkilovun (1844-1924) övladı idi. O, Tiflis şəhərində Müqəddəs Nina qızlar gimnaziyasını bitirib. Rus, fransız dillərini mükəmməl bilib. Teatrı, musiqini sevib və Avropa ədəbiyyatına yaxından bələd olub...
Gənclər Tiflisin azərbaycanlılar yaşayan məhəlləsində məskunlaşırlar. Məcid burada yaşayan şuşalı musiqiçilərlə tanış olur, onlarla el şənliklərinə gedir. Az vaxt ərzində musiqisevərlər arasında tanınır. Görkəmli aktyor, xanəndə Cəlil bəy Bağdadbəyov xatirələrində yazır ki, Məcid Behbudov 1906-1907-ci illərdə Tiflisdə xanəndəlik edib. Tezliklə Tiflis, İrəvan və Naxçıvanda geniş şöhrət qazanıb... Məcid Behbudov ən yaxın dostu tarzən Məşədi Zeynal Haqverdiyevlə birlikdə bir çox şəhər və kəndlərdə toy məclisləri aparırlar. Müasirlərinin dediklərinə görə, Məcid bir neçə dildə mahnılar oxuya bilirmiş. Ona görə də tez-tez gürcü, ləzgi və digər xalqların toy şənliklərinə dəvət olunub. Ən çox dəvət aldığı məkan isə şəhərin “Dvoryanski klubu” idi.
M.Behbudovun sənət şöhrəti Tiflisin hüdudlarını aşır və yaxın-uzaq şəhərlərə də yayılır. Yazıçı, publisist Vasif Quliyev araşdırmasında yazır: “Məcid Behbudov 1910-cu ildə Riqadakı “Qrammofon“ səsyazma cəmiyyətindən dəvət alır. Tarzən Məşədi Cəmil, qarmonçalan Kərbəlayı Lətif, Malıbəyli Həmid kimi musiqiçilərlə Riqa şəhərinə gedir. Bir neçə muğam, xalq mahnısı və təsnifi vala yazdırır. Həmin illərdə bu məqsədlə bəzi Avropa ölkələrindən də dəvətlər alır. Onu bu səfərlərdə rus və fransız dillərini gözəl bilən həyat yoldaşı Firuzə xanım müşayiət edib.
Ustad xanəndənin opera səhnəsində də çıxışları olub. O, 6 mart 1911-ci ildə Bakıda Saşa Oqanezaşvilinin “Nikitin qardaşlarının teatrı”nda tamaşaya qoyulan “Fərhad və Şirin” operasında Xosrov rolunda çıxış edir. 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasının ilk tamaşasında Ələsgər Abdullayev və Bülbüllə tərəf-müqabil olur. Üzeyir Hacıbəylinin opera və operettalarında müntəzəm olaraq müxtəlif rollarda çıxış edir. O dövrün mətbuatında xanəndə-aktyorun səhnə fəaliyyətinə yüksək qiymət verilib...”.
1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov musiqi, ömür-gün yoldaşı Firuzə xanım isə maarif sahəsində çalışırlar. Firuzə xanım şəhərin Azərbaycan məktəblərində rus və fransız dili dərslərini tədris edir. Tiflisdə bir müddət Klara Setkin adına Türk Qadınlar Klubuna rəhbərlik edən Firuzə Vəkilova 1933-cü ildə 44 yaşında dünyasını dəyişir. Bu itkidən sarsılan M.Behbudov İrəvana gedir, burada İncəsənət İşçiləri İttifaqının orkestrində işə başlayır. Amma orada da çox qala bilmir. Firuzənin ana yurdu Qazax rayonuna gəlir və Mədəniyyət evində işə düzəlir.
Bu zaman oğlu Rəşid artıq tanınmış müğənni idi. Onun sənət uğurları atasını fərəhləndirir. Rəşidin 1945-ci ildə “Arşın mal alan” filmində baş rola çəkilməsi və atasının gənclik obrazını yaratması onun qəlbini sanki dağa döndərir. Yenə də erməni bədxahlığı... Bakıda filmin çəkilişləri başa çatmaq üzrə olanda ermənilər Rəşidə teleqram vururlar ki, “Atan rəhmətə gedib, durma gəl!”. Özünü Qazax rayonuna çatdıran Rəşid evlərinin həyətində atasının oturub çay içdiyini görür. Rəşid atasına: “Eyib etməz, ata, qoy bildiklərini etsinlər”, – deyir. O, atası ilə vidalaşıb Bakıya döndükdən qısa müddət sonra (6 sentyabr 1945-ci il) M.Behbudov dünyasını dəyişir və Qazax rayonunda dəfn olunur...
Görkəmli xanəndənin səsi yazılmış onlarca val indi də muzeylərdə və şəxsi kolleksiyalarda, o cümlədən Böyük Britaniyanın Kral Kitabxanasında saxlanılır.
Savalan Fərəcov