Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

222 il əvvəl...

 

18 yanvar 1801-ci ildə Gürcü knyazlığı (Kartli-Kaxeti) Rusiyaya birləşdirilib. Çar I Pavel bununla bağlı fərman imzalayıb. Rusiya imperiyasının Cənubi Qafqaza yürüşü başlanıb.

 

152 il əvvəl...

 

18 yanvar 1871-ci ildə Prussiya kansleri (baş nazir) Otto Bismarkın səyləri ilə alman torpaqlarının birləşdirilməsi başa çatıb. Prussiya ətrafında birləşən Almaniya imperiyasının yarandığı elan edilib. Prussiya kralı I Vilhelm birləşmiş Almaniyanın imperatoru, Bismark isə imperiyanın kansleri olub.

 

77 il əvvəl...

 

18 yanvar 1946-cı ildə Londonda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 1-ci sessiyası işə başlayıb. BMT-nin ali qurumu üç il Londonda fəaliyyət göstərmişdi. 1949-cu ildə BMT ABŞ-yə, Nyu-Yorkdakı indiki binasına köçdü.

 

108 il əvvəl...

 

19 yanvar 1915-ci ildə dünya müharibələri tarixində ilk dəfə hava hücumu faktı qeydə alınıb. Almaniya hərbi-dəniz donanmasına məxsus 3 dirijabl İngiltərə ərazilərini bombardman edib. Lakin Almaniya ordusunun bu əməliyyatı sonda uğursuzluğa düçar olub. Dirijabllar da geri qayıdarkən tufana düşərək qəzaya uğrayıblar.

 

42 il əvvəl...

 

19 yanvar 1981-ci ildə Tehranda girov saxlanılan amerikalıların azad olunması barədə İran və ABŞ arasında razılaşma imzalanıb. 1981-ci il yanvarın 20-də, yeni Prezident Ronald Reyqanın inauqurasiya günü Tehranda saxlanılan amerikalılar 14 aylıq girovluqdan sonra azad edildilər. 1979-cu il noyabrın 4-də İranın “İslam inqilab qvardiyası”nın üzvləri (əsasən tələbələr) ABŞ-nin Tehrandakı Səfirliyinə hücum edərək 53 diplomatı girov götürmüşdülər.

 

33 il əvvəl...

 

18 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Kərki kəndi Ermənistan ərazisində qalmış və anklav vəziyyətində idi.

 

30 il əvvəl...

 

19 yanvar 1993-cü ildə Azərbaycan Parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya qanunu qəbul edib. Cümhuriyyət dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə təsdiq edildi. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycanın Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

Hazırladı: V.Orxan