Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayı ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilib.
Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, lisenziya almış obyektlər bunlardır: "Günəşli" mehmanxanası (Bakı şəhəri, Babək prospekti, 106d), "Gəncəli Plaza" (Bakı, Ü.Hacıbəyli, 48), "Astoria Baku" mehmanxanası (Bakı, Babək prospekti, 76), "Park İnn Azərbaycan" hoteli (Bakı, Azadlıq prospekti 1), "Radisson Blu Plaza Hotel Baku" mehmanxanası (Bakı, Nizami küçəsi, 69), "Qızıl Yamal" qonaq evi (Cəlilabad rayonu Göytəpə şəhəri), "Masallı İstisu Fatmeyi-Zəhra Şəfa" sanatoriyası (Masallı rayonu Qəriblər kəndi), "Duyma" istirahət mərkəzi (Qəbələ rayonu Vəndam kəndi).
May ayı ərzində həmçinin beş şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib: "Alean Company" MMC, "Sahil Travel" MMC, "AYF Safari International" MMC, "Bakı-Tur" MMC və "Fun Travel" MMC. Bu müəssisələr Bakıda fəaliyyət göstərir.
Bundan əlavə, nazirliyin müvafiq əmrinə əsasən "Nyu Sfera-Turizm" MMC-yə məxsus İsmayıllı rayonu, İstisu kəndi ərazisində yerləşən "Green House" istirahət mərkəzinə verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb.
Turoperatorlardan bank öhdəliyi tələb ediləcək
Hazırda fəaliyyət göstərən turizm şirkətləri müəyyən meyarlara cavab verdikləri halda, Mədəniyyət və Turizm Nazirliyinə turoperator lisenziyası almaq üçün müraciət edə biləcəklər. Azərbaycan Turizm Assosiasiyası (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, bu fəaliyyət növü lisenziyalaşdırılmasa da, hazırda Azərbaycanda turoperator fəaliyyəti göstərən şirkətlər var. Ancaq onlar hazırkı qanunvericiliyə uyğun olaraq turizm şirkəti adlanır: “Turizm haqqında” yeni qanun qəbul olunduqdan sonra turoperator kimi fəaliyyət göstərən turizm şirkətləri turoperator lisenziyası almaq üçün müraciət edə biləcəklər. Bundan sonra onları rəsmi olaraq turoperator adlandırmaq mümkündür”.
Bununla belə, turoperator kimi fəaliyyət göstərəcək turizm müəssisələrinə lisenziya verilərkən onlardan bank öhdəliyinin tələb ediləcəyi də gözlənilir. Assosiasiya sədri bildirdi ki, başqa ölkələrdə turoperatorlara lisenziya verilərkən onlardan ya bank, ya da sığorta öhdəliyi tələb edilir: “Azərbaycanda turoperatorlar yaradılarkən, yəqin ki, bank öhdəliyi tələb ediləcək. Bu məbləğ dövlət tərəfindən tənzimlənəcək. Turoperatorlar lisenziya alarkən onlardan 100 min manat məbləğində bank öhdəliyi tələb oluna bilər. Qeyd edim ki, əksər ölkələrdə bu rəqəm daha yüksəkdir”.
N.Bağırovun fikrincə, turoperatorların yaranması nəticəsində turizm şirkətlərinin məsuliyyəti artacaq, turoperator müflis olduqda turistlərlə yaranan problemlər bank zəmanəti əsasında həll ediləcək, turistlərin xərcləri ödəniləcək: «Bu yaxınlarda Rusiyada bir turizm şirkəti ilə bağlı belə hadisə baş vermişdi. Turistlər pulunu ödəyib xarici dövlətə səfərə gediblər. Məlum olub ki, onları göndərən şirkət müflis olub və turistləri sifariş olunan hotellərdə yerləşdirməyiblər. Amma bank təminatı olduğu üçün müəyyən məsələlər həll olundu”.
Qeyd edək ki, ölkəmizdə yeni hazırlanan «Turizm haqqında» qanun layihəsində turoperatorların yaradılması təklif edilir. Turoperator fəaliyyəti lisenziyalaşdırılmış turizm təşkilatçısıdır.
Fəxriyyə Abdullayeva