«Slovenia Medical» kurortlar birliyi Bakıda təqdimat keçirdi
   
   İyunun 4-də Bakıdakı «Qafqaz Point» hotelində «Slovenia Medical» müalicəvi kurortlar birliyinin təqdimatı keçirildi.
   
   Tədbirin təşkilatçısı olan “Millennium Tourism&Congress DMC” şirkətinin direktoru Ruslan Quliyev bildirdi ki, Sloveniyanın turizm təmsilçiləri Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdırlar.
   Bu ilin fevralında bu istiqamətdə ilk təqdimatın gerçəkləşdiyini xatırladan R.Quliyev qeyd etdi ki, hər iki ölkədə mövcud olan çoxlu sayda termal və müalicəvi kurortlar ikitərəfli turizm əlaqələri üçün geniş imkanlar açır: “Bunu nəzərə alaraq, biz də Azərbaycanla Sloveniyanın qarşılıqlı tanıtımını təşkil etmək istəyirik. Budəfəki görüşdə «Slovenia Medical» müalicəvi kurortlar birliyinin tərkibində turizm xidməti göstərən 6 böyük tibb mərkəzinin - «Qolnik» allergik xəstəliklər mərkəzi, «Maribor» klinikası, «Soça» reabilitasiya mərkəzi, «Valdoptra» ortopedik xəstəxanası, «Terme KRKA» və «Roqaşka» tibb mərkəzlərinin nümayəndələri iştirak edirlər”.
   Sonra qonaqlar təmsil etdikləri istirahət-müalicə müəssisələri haqqında məlumat verdilər. Həkim Şaşa Yakaş ölkəsinin turizm potensialı haqqında danışaraq bildirdi ki, 2 milyon əhalisi olan Sloveniya təbii gözəlliyi və zəngin tarixi abidələri ilə Avropada ən maraqlı turizm məkanlarından biridir: “Sloveniyanın təbiəti il ərzində müxtəlif növlərdə turizm fəaliyyətinə imkan verir. Ölkəmizə gələn turistlər səhər dağda xizək sürə, günorta Adriatik dənizinin sahilində, axşam isə təbiətin gözəlliklərindən zövq alaraq hər hansı bir turizm mərkəzində mənalı istirahət edə bilərlər. Qışda dağ-xizək turizmi, yazda və payızda ölkə üzrə piyada turlar, yayda isə çimərlik turizmi üzrə ixtisaslaşmış turizm-istirahət mərkəzlərimiz var. Dağ-xizək turizm mövsümü dekabrdan marta qədər, bəzi yerlərdə isə hətta may ayınadək davam edir».
   «Roqaşka» tibb mərkəzinin direktoru Zvona Novina bildirdi ki, Sloveniyanın mineral suları ürək-damar sistemi, şəkərli diabet, müxtəlif oynaq xəstəliklərinin müalicəsində istifadə olunur: «Müalicə mərkəzlərimizdəki qiymətlər Avropanın tanınmış kurortlarından da ucuzdur. Sloveniya il ərzində 1 milyondan çox turist qəbul edir. Onların təxminən dörddə biri müalicə məqsədilə gəlir. Balneoloji kurortlar ilin bütün fəsillərində fəaliyyət göstərir».
   Qonaq Bakının müasir bir şəhər olduğunu, eyni zamanda burada qədim abidələrin də diqqət çəkdiyini bildirdi. Onun sözlərinə görə, tarixlə müasirliyin qovuşduğu belə yerlər turistlər üçün çox maraqlıdır: «Bu baxımdan Azərbaycan da sloveniyalılar üçün maraqlı turizm məkanı ola bilər. Düşünürəm ki, həm tibb müəssisələri ilə, həm də turizm şirkətləri ilə əməkdaşlığı daha yüksək səviyyədə qurmağımız hər iki tərəf üçün sərfəli olacaq».
   Qeyd edək ki, Sloveniyanın Bakıda konsulluğu fəaliyyət göstərsə də, viza vermək səlahiyyəti yoxdur. Sloveniyaya viza almaq istəyənlər Latviyanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.
   

  Fəxriyyə Abdullayeva