Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

369 il əvvəl...

 

21 yanvar 1654-cü ildə Pereyaslav radasında Ukraynanın Rusiyaya birləşdirilməsi barədə qərar qəbul edilib. Ukrayna getmanı Boqdan Xmelnitskinin təşəbbüsü ilə çıxarılan qərara əsasən, Krım və Qərbi Ukrayna istisna olmaqla, indiki Ukraynanın ərazisi Rusiya çarlığına birləşdirilib.

 

291 il əvvəl...

 

21 yanvar 1732-ci ildə Səfəvi  dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Rusiya I Pyotrun vaxtında işğal etdiyi Xəzəryanı əraziləri – Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarını Səfəvi dövlətinə qaytarıb. Öz növbəsində Səfəvi dövləti Rusiyanın regionda rəqibi olan Türkiyəni (Osmanlı imperatorluğunu) bu ərazilərə buraxmamaq barədə öhdəlik götürüb. Bundan əlavə, müqaviləyə əsasən, Rusiya tacirləri Səfəvi dövləti ərazisində rüsumsuz ticarət etmək hüququ əldə etdilər.

 

192 il əvvəl...

 

20 yanvar 1831-ci ildə Hollandiyanın müstəmləkəsi olan Belçika dövlət müstəqilliyi əldə edib. Londonda keçirilən beynəlxalq konfransda Böyük Britaniya, Fransa, Prussiya və Rusiya Belçikanın müstəqilliyinin təminatçısı kimi çıxış edirdilər.

 

147 il əvvəl...

 

21 yanvar 1876-cı ildə Orta Asiyaya (Türküstan) müstəmləkəçilik yürüşünü davam etdirən çar Rusiyası Kokand xanlığını və onun mərkəzi Əndican şəhərini (indiki Özbəkistan ərazisi) ələ keçirib.

 

110 il əvvəl...

 

23 yanvar 1913-cü ildə Osmanlı İmperatorluğunda saray çevrilişi baş verib. Ənvər bəy və Tələt bəyin rəhbərlik etdiyi “İttihat və Tərəqqi” qrupunun həyata keçirdiyi çevriliş nəticəsində Baş nazir (Sədrəzəm) Kamil paşa istefaya məcbur edilib, hərbi nazir Nazim paşa öldürülüb. Hökumətin başına keçən Mahmud Şövkət paşa da 11 iyun 1913-cü ildə sui-qəsd nəticəsində öldürüldü. Birinci Dünya müharibəsi ərəfəsində saray çəkişmələri Osmanlını daha da zəiflətdi.

 

47 il əvvəl...

 

23 yanvar 1976-cı ildə Parisdə ABŞ-Vyetnam müharibəsinin başa çatmasına dair saziş imzalanıb. Sazişə əsasən, ABŞ qoşunları Şimali Vyetnamdan çıxarılıb.

 

33 il əvvəl...

 

20 yanvar 1990-cı ildə Sovet Ordusu Bakıda qırğın həyata keçirib. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanına əsasən, şəhərə ordu hissələri yeridilib. Məqsəd respublikada milli-azadlıq hərəkatını boğmaq idi. Fərman 19 yanvarda verilsə də, yanvarın 20-si səhərə yaxın, şəhərdə qırğın törədiləndən sonra radio ilə elan edilmişdi. Sovet qoşunlarının təcavüzü zamanı (daha sonra dəqiqləşdirilmiş rəqəmlərə görə) 147 nəfər öldürülmüş, 800-dən çox adam yaralanmışdı. Ölənlər arasında 20-dən çox qadın və uşaq var idi.

21 yanvar 1990-cı ildə Heydər Əliyev Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək sovet ordusunun Bakıda törətdiyi qırğınla bağlı bəyanat verib. Sovet İttifaqının rəhbərliyindəki yüksək vəzifələrdən istefa  verəndən (1987) sonra təqiblərə məruz qalan və həmin dövrdə Moskvada xəstəxanada müalicə olunan Heydər Əliyev ağır gündə öz xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.

Hazırladı: V.Orxan