Bakıdakı Rus Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) yanvarın 17-də 1941-1945-ci illər müharibəsində Leninqradın blokadasının yarılmasının 80 illiyi münasibətilə konsert-təqdimat təşkil edib.
RİMM-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) müəllim və məzunları iştirak ediblər.
Konsertdə BMA-nın müəllimləri Alyona İnyakina, Lalə Muxtarova, Əməkdar artist Anton Ferştandt, BMA-nın konsertmeysteri Dilarə Kərimova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Dövlət Xor Kapellasının artisti Fərhad Ələkbərov və BMA-nın məzunu Aminat Əhmədovanın ifasında musiqi nömrələri səslənib.
Qeyd edək ki, 1941-ci ilin 8 sentyabrında Leninqrad (indiki Sankt-Peterburq) şəhəri alman-faşist qoşunları tərəfindən tam mühasirəyə alınıb. 1943-cü ilin 18 yanvarında sovet ordu hissələri blokadanı qismən yararaq Ladoqa gölü sahili boyunca kiçik dəhliz (“Həyat yolu”) aça biliblər. Bununla belə, şəhərin blokadası 1944-cü il yanvarın 27-dək – 872 gün davam edib.
Leninqradın blokada da qaldığı 1941-ci ilin 19 oktyabrında şəhərdə, Ermitajın binasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi qeyd edilib.