Bu il görkəmli maarif xadimi, pedaqoq, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərlinin (1863-1920) anadan olmasının 160 illiyidir. O, dövrün ədəbi-mədəni mühitini diqqətdə saxlamaqla yanaşı, bu mühitdəki proseslərə zəruri istiqamət verən nüfuzlu ziyalı kimi də tanınıb. Yubiley münasibətilə maarifçi alimin həyat və yaradıcılığı haqqında bəzi maraqlı faktları oxuculara təqdim edirik.

 

Şəhid maarifçi

 

Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşada doğulub. Şəhərdəki Mirzə Kərim Münşinin mədrəsəsində və rus məktəbində təhsil alıb. Sonra təhsilini Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında davam etdirib. Məzun olduqdan sonra İrəvan gimnaziyası və Qori Müəllimlər Seminariyasında dərs deyib. 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib.

Azərbaycan ədəbiyyatı tarixinin elmi prinsip əsasında öyrənilməsində Firidun bəyin mühüm xidmətləri olub. Alimin 1911-ci ildə nəşr olunan “Mirzə Fətəli Axundov” kitabında ilk dəfə olaraq Şərqin ilk böyük dramaturqunun taleyinə və bənzərsiz sənətinə sistemli şəkildə işıq tutulub. Bir il sonra ölkəmizin müxtəlif bölgələrinin şifahi söz xəzinəsini əks etdirən “Balalara hədiyyə” kitabı işıq üzü görüb. Onun 1913-cü ildə böyük zəhmət hesabına tamamladığı “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı üçcildlik kitabında isə qədim dövrlərdən XX əsrin əvvəllərinədək böyük bir mərhələnin ədəbiyyatından bəhs olunur. O, həmçinin çoxsaylı dərsliklərin hazırlanması, redaktəsi və zənginləşdirilməsinə də öz töhfəsini verib.

Firidun bəyin xalqının elmi, təhsili, mədəniyyəti, dili uğrunda fədakar xidmətləri erməni millətçilərinin rahatlığını əlindən almışdı. Onlar belə bir millət fədaisini aradan götürmək üçün yol arayırdılar. Nəhayət, 1920-ci ildə Gəncədə onun güllələnməsinə – ədəbi susdurulmasına nail oldular...

 

Haqqında ilk monoqrafiya

 

F.Köçərli haqqında ilk monoqrafik əsəri mərhum akademik Bəkir Nəbiyev yazıb. Doğrudur, Bəkir Nəbiyevə qədər Ş.Qurbanov, F.Qasımzadə, A.Zamanov, C.Xəndan və başqa tədqiqatçılar müəyyən araşdırmalar aparıb kitabça və məqalələr yazıblar. Lakin B.Nəbiyev həmkarlarından fərqli olaraq F.Köçərlinin daha dolğun və ətraflı şəkildə tədqiqinə nail olub.

 

“Balalar şad olacaq...”

 

F.Köçərlinin fikrincə, uşaq dünyası çox zəngindir. Uşaqlarda poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə uyğundur. Ona görə də Firidun bəy gənc nəsli düzgün tərbiyə etmək, vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə məsləhət görürdü. Təsadüfi deyil ki, 1912-ci ildə çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələrinə “Balalara hədiyyə” adı vermişdi. O, məcmuənin məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır”.

 

“Nadanlıq” dramını niyə tənqid etmişdi?

 

F.Köçərli təhlil etdiyi əsərləri həyatilik, xəlqilik, xarakterlərin canlı, tipik, dilin təbii, gülüşün mənalı olması baxımından qiymətləndirirdi. Nəriman Nərimanovun “Nadanlıq” dramı haqqında yazırdı: “Dördpərdəli “Nadanlıq” komediyasında tam və bitkin əsərin məziyyətləri yoxdur. Burada kəndli həyatının müxtəlif tərəfləri solğun təsvir olunur. Hadisələr arasındakı hərəkət bir-bir ilə çox ağır bağlanır. Bu isə əsərin məzmununu ardıcıl surətdə nağıl etməyi xeyli çətinləşdirir”.

N.Nərimanov sonralar həmin tənqidlərin faydası haqqında demişdi: “Düz 20 il bundan müqəddəm, mən “Nadanlığ”ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli “Nadanlığ”ı rus dilində tənqid etdi, yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi, “Nadanlığ”ı yazan daha əlinə qələm gərək götürməsin. Fəqət onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb oldu”.

 

13 məktuba 24 cavab...

 

F.Köçərlinin çox möhkəm əlaqə saxladığı, faydalı tənqid və məsləhətləri ilə yaradıcılığına təsir göstərdiyi yazıçılardan biri də Abdulla Şaiq olub. A.Şaiqin oğlu, görkəmli tənqidçi, akademik Kamal Talıbzadə “Firidun bəy Köçərlinin Abdulla Şaiqə məktubları” məqaləsində yazırdı ki, A.Şaiqin arxivində F.Köçərlinin 13 məktubu var. A.Şaiq isə ona 24 məktub yazıb.

A.Şaiqə göndərdiyi məktubların birində Firidun bəy yazır: “Bizim bu əsrişumda ağzını açıb iki kəlmə söz danışmağa da izn vermirlər... Görək bir vaxt olar, bizim də ağzımız açılar, dərdlərimizi açıq söyləyərik”.

F.Köçərlinin arxivində müasirlərindən aldığı məktubların siyahısı saxlanılır. Bu məktubların ümumi sayı 900-ə yaxındır. Buradan aydın etmək olur ki, F.Köçərli dövrünün demək olar ki, bütün görkəmli azərbaycanlı ziyalıları, maarif və mədəniyyət xadimləri ilə məktublaşırmış.

 

“Oxuyub başa düşmək olmur...”

 

F.Köçərlinin ədəbi, elmi və publisistik irsində ana dili məsələsi əsas yer tutur. Xalqın tarixində dilin rolunu yüksək qiymətləndirən ədibin “Molla Nəsrəddin” jurnalında “Ana dili” adlı məqaləsi çap olunur. O, məqaləsində təəssüflə bildirirdi: “İndi qəzetlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur. Ana dili öyrətmək üçün yazılan təlim kitablarımız elə bir çətin dildə yazılır ki, onların vasitəsilə ana dilini ancaq unutmaq olar. Üç-dörd yüz səhifəli təlimi-qiraət kitablarımızda “ata”, “ana”, “yaxşı” kimi çoxişlənən və əziz sözlər dərman üçün belə axtarılsa tapılmaz... Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir”.

Hazırladı: Nurəddin Məmmədli