Xüsusi komissiya turizm obyektlərinin mövsümə hazırlıq səviyyəsini yoxlayır
   
   Ölkəmizdə yay turizm mövsümü başlamaq ərəfəsindədir. Mövsümün açılışına rəsmi olaraq iyunun 13-də start verilməsi nəzərdə tutulsa da, əksər istirahət məkanlarında xüsusilə həftə sonlarında kifayət qədər insan dincəlir. Onların arasında əcnəbi vətəndaşlar da çoxdur.
   Hər il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyi bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması, xidmət qiymətlərinin araşdırılması məqsədilə monitorinqlər təşkil edib. Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, monitorinqlərlə bağlı Mədəniyyət və Turizm və İqtisadi İnkişaf nazirliklərinin əməkdaşlarından ibarət xüsusi komissiya yaradılıb.
   Monitorinqlər iyunun 6-da başlayıb və iyulun 5-dək davam edəcək. Komissiya üzvləri qərb regionu (Gədəbəy, Gəncə, Naftalan və Mingəçevir) üzrə 11-15 iyun, şimal-qərb regionu (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən) üzrə 18-25 iyun, şimal bölgəsi (Xaçmaz, Qusar və Quba) üzrə 27-30 iyun, cənub regionu (Masallı, Lənkəran, Lerik) üzrə isə 2-5 iyul tarixlərində yerlərə ezam olunacaqlar.
   Komissiyanın tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov, habelə sözügedən sektorların, Analitik təhlil və proqram təminatı şöbəsinin əməkdaşları, İqtisadi İnkişaf Nazirliyinin 4 nəfər (hər bölgə üzrə 1 nəfər) nümayəndəsi daxildir.

  Fəxriyyə Abdullayeva